MŞ və "Azərsun Holdinq" "Zeytun bağları" adlı yazı müsabiqəsi elan edir

21 Dekabr 2013 12:52 (UTC+04:00)

Zeytun ağaclarının qorunması və zeytunçuluğa olan marağı artırmaq məqsədi ilə Mətbuat Şurası və "Azərsun Holdinq" kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında "Zeytun bağları" "Azərbaycan zeytununun şöhrəti" mövzusunda müsabiqə keçirir. SİA-nın məlumatına görə, bu gün müsabiqənin elan edilməsi ilə bağlı keçirilən mətbuat konfransında çıxış edən Mətbuat Şurasının idarə heyətinin üzvü Vüqar Rəhimzadə şura ilə "Azərsun Holdinq" arasında olan əməkdaşlığa toxunub. O deyib ki, MŞ ilə "Azərsun Holdinq" arasında indiyə qədər bir neçə müsabiqə keçirilib k, bunlardan biri "Xocalı soyqırımı"na aid olub. Çıxışı zamanı müsabiqədə iştirak edəcək KİV nümayəndələrinə uğurlar arzu edən V. Rəhimzadə müsabiqənin mövzsusunun ölkəmiz üçün əhəmiyyətli olduğunu qeyd edib.

Daha sonra çıxış edən "Azərsun Holdinq"in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov bildirib ki, Azərbaycan zeytunçuluğunun təbliği, zeytun markalarının araşdırılması, onun insan sağlamlığına müsbət təsirləri, zeytun ağaclarının qırılmasının qarşısının alınması yönündə təbliğat, yeni zeytun bağlarının salınmasının təşviq olunması müsabiqəyə təqdim olunacaq yazılar üçün istiqamətləndirici mövzular kimi müəyyənləşdirilib.

Onun sözlərinə görə , müsabiqəyə 2014-cü ilin yanvar ayının 1-dən mart ayının 15-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq: "Müsabiqə üçün dil və janr məhdudiyyəti qoyulmur. Mükafatlandırma 3 yer əsasında olacaq. I yeri qazanan 1 nəfər 1000, II yeri qazanan 2 nəfər 500 manat, III yer qazanan 3 nəfər 200 manat məbləğində mükafatlandırılacaq. Yazılar 2014-cü ilin yanvar ayının 1-dən mart ayının 15-dək hər gün saat 10:00-dan 17:00-dək Mətbuat Şurasının ofisində qəbul ediləcək".

Daha sonra tədbirdə yazı müsabiqəsinin mühüm əhəmiyyətindən danışılıb. Qeyd edilib ki, bu müsabiqə ölkəmizdə zeytunçuluğun inkişafına da öz təsirini göstərəcək.