Ölkəmizdə təhsil sahəsində çalışanların 70 faizini qadınlar təşkil edir

20 Dekabr 2013 12:43 (UTC+04:00)

"Bəzən deyilir ki, müsəlman ölkələrində qadlnlara olan münasibət o qədər də yaxşı deyil. Lakin nümunə olaraq Azərbaycanda qadınlara olan münasibəti göstərsək, görərik ki, bu heç də belə deyil". SİA-nın məlumatına görə, bu sözləri millət vəkili Gülçöhrə Məmmədova gender məsələləri ilə bağlı keçirilən tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə Azərbaycanda hər zaman analara, qadınlara münasibət yüksək səviyyədə olub və qadınlar cəmiyyətdə yüksək yerdə dayanıblar: "Bu, bu gün də belədir. Bunu bir çox sübutlar göstərmək olar. Azərbaycan tarixində qadınların rolu böyükdür. Onlar həm dövlət rəhbəri, həm həyat yoldaşı, həm də bir ana kimi böyük işlər görüblər. XX əsrdə Azərbaycanda qadınların rolu çox dəyişib. Demək olar ki, qadınlar həyatımızın bütün sahələrini əhatə edirlər. Azərbaycan digər Şərq ölkələri ilə müqayisədə bu sahədə çox inkişaf edib. Qonşu ölkələrə nəzər salsaq, bunu daha aydın görmək mümkündür. 1915-ci ildə Azərbaycanda qızlar üçün 13 gimnaziya fəaliyyət göstərirdi. Bu da o deməkdir ki, 100 il bundan qabaq keçdiyimiz yolu bəzi qonşu ölkələr hələ indi keçir".

G.Məmmədova qeyd edib ki, Azərbaycanda hazırda elə qadınlar var ki, onlar həm təhsil, həm səhiyyə həm də digər sahələrdə liderdilər: "Buna əyani subut statistik rəqəmlərdir. Ölkəmizdə təhsil sahəsində çalışanların 70, səhiyyə sahəsində çalışanların 60, parlamentdə təmsil olunanların 16 faizini qadınlar təşkil edir".