"Yanukoviç xalqın təzyiqlərinə tab gətirə bilməsə, ..." Münasibət

19 Dekabr 2013 15:04 (UTC+04:00)

"Ukraynada son zamanlar cərəyan edən hadisələr böyük geopolitik önəmə malikdir. Orada baş verənlər ərazi və əhalicə kifayət qədər tutumlu və keçmiş postsovet ölkəsinin üzərində siyasi cəhətdən kimin qalib gəlməsi güc nisbətini dəyişəcək və beynəlxalq münasibətlər sisteminə çox böyük təsiri olacaq. Danılmaz faktdır ki, hazırda Ukrayna meydandan idarə olunur və əsas qərarverici təsisat xalq qüvvələridir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc Ukraynadakı vəziyyətləri şərh edərkən deyib.

Onun sözlərinə görə, 300 minə yaxın qüvvənin davamlı olaraq meydana çıxmasının özü mühüm hadisədir: "Bu o deməkdir ki, Ukrayna millətinin iradəsi olduqca güclüdür. Onların öz vətənlərinin gələcəyinə yönələn dəqiq baxışları var. Bu həm də qərblə normal transformasiya, inteqrasiya münasibətlərini sadəcə elitaların qərarları və ya hər hansı bir iqtisadi qurumların əlaqələri və müqavilələri deyil, eyni zamanda mental olaraq xalqın seçimidir".

"Məsələnin digər önəmli nöqtəsi isə odur ki, Rusiya bundan sonrakı dövrdə hansı addımları ata bilər?! Ukraynanın prezidenti Yanukoviç həqiqətən də xalqın təzyiqlərinə tab gətirə bilməsə, o zaman bilavasitə bu prosesin sonu böhranın dərinləşməsi və hakimiyyətin istefası ilə nəticələnə bilər. Bütövlükdə, belə olan halda Ukrayna qalib gəlməyəcək. Ukrayna əsas münasibətlər sistemini həll edir. Bu ölkədə II dünya müharibəsinin savaş qaydasında bir nəticə gözlənilir. Kim qalib olacaqsa, deməli o da gələcəkdə daha çox nailiyyət əldə edə biləcək".

Ukraynada cərəyan edən hadisələrin Azərbaycana nə kimi təsiri olacağı məsələsinə aydınlıq gətirən millət vəkilinin sözlərinə görə, təbii ki, mövcud proses ölkəmizə təsirsiz ötüşməyəcək: "Ukrayna kimi Şərq tərəfdaşlığında iştirak edən mühüm bir ölkənin qərblə münasibətləri qərarlaşdırması avtomatik Rusiyanın da bir neçə istiqamətdə təzyiqlərini dərinləşdirməyə yol açacaq. Ona görə də Azərbaycanın "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması bir daha sübut edir ki, beynəlxalq əlaqələrimizi həssaslıqla mövcud prosesin zəminində davam edəcəyik".

Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili İsa Həbibbəylinin fikrincə Ukrayna müstəqil və suverən dövlət olduğundan ölkənin siyasi taleyini xalq və dövlət həll etməlidir: "Dünyadakı müxtəlif qurumların, o cümlədən Azərbaycan müxalifətinin Ukraynanın siyasəti haqqında fikirləri həmin ölkənin daxili işlərinə qarışmaq kimi beynəlxalq hüquqa uyğun olmayan bir haldır. Biz Ukraynadakı hadisələri qətiyyən ölkəmizdəki hallarla eyniləşdirməməliyik. Çünki ölkəmizdə xalq və hakimiyyət vəhdəti var. Azərbaycan xalqı siyasi sistemi və müstəqilliyi haqqında öz seçimini edib və ölkəmizin müstəqilliyi yüksək səviyyədə idarə olunur".