BXCP: “Bu cür əxlaqsızlığı ancaq Əli Kərimlinin partiyasında – AXCP-də görmək olar”

18 Dekabr 2013 17:24 (UTC+04:00)
"Əgər bu hadisə baş veribsə, bu mənəviyatsızlıq deməkdir". Bu barədə SİA-ya BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı AXCP sədrinin müşaviri, Rəyasət Heyətinin üzvü Mənsum Bayramovun 11 yaşlı qıza təcavüz etməsi barədə mətbuatda yayılan məlumatlara münasibət bildirərkən deyib.

N.Orduxanlı bununla bağlı qeyd edib ki, siyasətlə, o cümlədən, vəkilliklə məşğul olan bir insanın 11 yaşlı qıza qarşı bu cür hərəkətinə heç cür bəraət qazandırmaq olmaz: "Bu hadisə sübuta yetirilərsə, fərqi yoxdur, hansı siyasi düşərgəyə məxsusdur, haranı təmsil edir. O, mütləq qanun qarşısında cavab verməlidir. Bu cür əxlaqsızlığı ancaq Əli Kərimlinin partiyasında – AXCP-də görmək olar. Bu vaxta qədər onların mətbuat xidmətinin rəhbəri Natiq Əbilovun, "Azadlıq" qəzetinin keçmiş əməkdaşı Azər Əhmədovun, eləcə də "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılın rüsvayçı videoları yayılmışdı. Görünür bunlarda mənəvi dəyərlər tükənib, ölüb".

Qeyd edək ki, gün ərzində AXCP rəsmiləri ilə məsələylə bağlı əlaqə saxlamağa, münasibət öyrənməyə çalışsaq da onların mobil telefonları söndürülmüş olub.

Rövşən NURƏDDİNOĞLU