Eynulla Fətullayev: “Onlar Britaniyanın xarici işlər nazirinin mövqeyindən narazı qaldıqlarını gizlətmədilər”

18 Dekabr 2013 16:57 (UTC+04:00)

Böyük Britaniya Xarici İşlər Naziri Uilyam Heyqin Xədicə İsmayılova, Emin Hüseynli, Turqut Qəmbər, Bəxtiyar Hacıyev və Əli Novruzovla görüşü keçirilib. Görüş çərçivəsində bu şəxslər Azərbaycanın adının "İnsan hüquqları və demokratiya" hesabatına əlavə etməyi təklif ediblər.

Məsələ ilə bağlı SİA-ya münasibət bildirən jurnalist Eynulla Fətullayev bildirib ki, əslində, britanyalı nazir görüşdə istər bu qüvvələrin təqdim etdiyi kimi "həbsləri siyasi motivlərlə bağlı olan şəxslərlə", istərsə də Azərbaycanda insan haqları ilə bağlı heç bir tənqidi fikir səsləndirmədi: "Əksinə, bildirdi ki, ölkədəki iqtisadi inkişaf insan haqlarının inkişafına və təkmilləşməsinə geniş vüsət verir. Eyni zamanda, bu amil inkişafın təminatçısıdır. Britaniyalı nazir həmçinin nazir onu da qeyd etdi ki, Birləşmiş Krallıqla Azərbaycan arasında münasibətlər çox normaldır və inkişafdadır".

Eynulla Fətullayev onu da qeyd etdi ki, sözügedən görüşdə iştirak edən şəxslər sonradan sosial şəbəkələrdə təəssüflə bildirdilər ki, həmin görüşdən istədiklərini ala bilmədilər: "Onlar Britaniyanın xarici işlər nazirinin mövqeyindən narazı qaldıqlarını gizlətmədilər. Bu şəxslər reallıqdan və dərk etmək qabiliyyətindən çox uzaqdadırlar. Bu baxımdan situasiyanı düzgün dəyərləndirmirlər".

İntizarə Məmmədova