XXI əsrin layihəsi

17 Dekabr 2013 19:37 (UTC+04:00)

Məlum olduğu kimi dekabrın 17-də Azərbaycan dövləti adından Dövlət Neft Şirkəti ilə xarici neft-qaz kompaniyaları arasında "Şahdəniz" layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanıb.

"Şahdəniz" yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı siyasi-geoiqtisadi əhəmiyyətinə, çox mühüm sənəd hesab oluna bilər. Prezident İlham Əliyevin bildirdiyi kimi "Bu gün müasir Azərbaycanın tarixində tarixi gündür".

Dövlət başçısının sözlərinə görə, "Şahdəniz 2" enerji layihəsi üzrə yekun investisiya qərarının qəbul edilməsi Azərbaycanın uzunmüddətli uğurlu iqtisadi inkişafını təmin edəcək. Bu sazişin imzalanması artıq Azərbaycanın Qərbə yeni qaz nəqlinə başlaması deməkdir. Yəni bununla Azərbaycan qazının Qərbə nəqli üçün ən rentabelli, təhlükəsizlik, səmərəlilik və kommersiyaya baxımından məqsədəuyğun sayılanTrans Adriatik boru kəməri (TAP ) layihəsi də reallaşmış olacaq. "Şahdəniz-2" layihəsinin ümumi qaz ehtiyatları 1,2 trilyon kubmetr təşkil edir və bu yanacaq resursları TAP-la Qərbə nəql olunacaq.

TAP layihəsi Avropanın enerji xəritəsini dəyişəcək və əməkdaşlıq üçün yeni imkanlar açacaq. TAP-ın əsas mənbəyi "Şahdəniz"in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanacaq və kəmərin tikintisinə 3 il tələb olunacaq. Yataqdan hasil olunacaq qazın nəqli ilkin mərhələdə illik 10 milyard kubmetr olacaq. Sonrakı mərhələdə isə TAP vasitəsilə Azərbaycandan Avropaya 16 milyard kubmetr qaz çatdırılacaq. TAP-la nəql olunacaq əsas qaz mənbəyinin "Şahdəniz" layihəsi ilə məhdudlaşmayacaq, ölkəmizin təsdiq olunmuş 2 trilyon həcmində qaz ehtiyatlarının olduğunu, digər perspektiv yataqların ehtiyatlarının da Qərbə bu marşrutla ixracınının mümkünlüyü daha nikbinlik yaradır. Eyni zamanda, Xəzərin qaz potensialının geniş olması digər qaz mənbələrinin də TAP-a, eləcə də, əlavə çəkilişi nəzərdə tutulan qaz dəhlizlərinə cəlb edilməsinə imkan yaradır. Gələcəkdə "Şəfəq-Asiman" kimi qaz yataqlarından hasil olunan yanacağın Avropaya nəqli məqsədilə Səngəçal və digər qurguların genişləndirilməsi nəzərdə tutulur.

Uzunluğu 870 km olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq. Qazın Yunanıstandan digər kommunikasiya infrastrukturları vasitəsilə Bolqarıstana, eləcə də, Adriatik dənizindən çoxşəbəkəli sistemlər vasitəsilə Bosniya və Hersoqovina, Xorvatiya, Serbiya, Monteneqroya çatdırılması nəzərdə tutulur. Ümumilikdə, TAP vasitəsilə Şərqi-Qərbi Avropa regionu ölkələri qazla təmin olunacaq. Dəyəri təxminən 2,2 milyard dollar proqnozlaşdırılan TAP layihəsinin 3 səhmdarı ("EGL", "Statoil" və "E.ON Ruhrgas") var.

Hazırda layihənin bir sıra detalları üzərində iş gedir, bura kəmərin maliyyə və kommersiya, təhlükəsizlik, şəffaflıq, səmərəli fəaliyyət və digər komponentləri daxildir. Tərəfdaş şirkətlər yaxın aylar ərzində kommersiya və digər maliyyə məsələlərinin həll edəcək. Bundan sonra kəmərin çəkilişi ilə bağlı sərmayə sazişinin imzalanması baş tutacaq. Bu proseslərin 2013-cü ilin sonuna kimi yekunlaşması gözlənilir.

TAP layihəsinin seqmentleri o qədər genişdir ki, burada hər bir təchizatçıya geniş yer var, o cümlədən Rusiya və İran da bu layihəyə qoşulmaqla nəhəng bir qaz platforması yaratmış ola bilər. Yəni, bu marşrutlar şəbəkəsi ilə Avropaya il ərzində 5-dən çox ölkənin qaz ehtiyatlarını nəql etmək olar, bu isə illik 50-60 milyard kubmetr təbii yanacaq deməkdir. Burada Qazaxıstan, Türkmənistan və digər dövlətlərin yer alması da realdır. Şimal qonşumuz Rusiyanın bu layihəyə qoşulması reallaşdığı halda Cənub qaz dəhlizi ilə vəhdət təşkil edən böyük bir kontinental sistem yaranmış olacaq. Rusiya öz nəzarətində olan qaz marşrutlarının bu vahid şəbəkyə cəlb edilməsinə xoş niyyət nümayiş etdirməklə regionda geniş sabitlik, təhlükəsizlik dəhlizinin yaranmasına səbəb ola bilər. Bütün bu hədəflərin real konseptləri isə təbii ki, TAP layihəsinin vektorial prinsipləri ehtiva edir. Bir sözlə, TAP regional layihələrin açarı kimi də tarixə düşə bilər.

"Şahdəniz-2" layihəsinin yekun qərarın qəbul olunmasında, TAP-ın həyata vəsiqə almasında siyasi qətiyyət və prinsipial qərar məhz Azərbaycanın dövlət başçısı İlham Əliyevə məxsusdur. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi ölkəmiz bölgədə ən mühüm transenerji sistemlərinin yaradılmasında qətiyyət nümayiş etdirir. "Şahdəniz-2", TAP və TANAP-ın dünyanın ən iri enerji layihələrindən olduğunu vurğulayan dövlət başçısı bu layihələrin reallaşması ilə respublikamızın dünyada güclü təchizatçı olduğunu bildirir: ""Şahdəniz 2" enerji layihəsi üzrə yekun investisiya qərarının qəbul edilməsi Azərbaycanın uzunmüddətli uğurlu iqtisadi inkişafını təmin edəcək. Bu layihə dünyada ən iri enerji layihəsidir. Bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi, bu tarixi layihəyə cəlb olunmuş ölkələr və şirkətlər arasında geniş beynəlxalq əməkdaşlıq layihəsidir. "Şahdəniz" layihəsi, çox güman ki, XXI əsrin layihəsi adlandırılacaq".

Azərbaycan Prezidenti bildirib: "Şahdəniz 2" layihəsi dünyada ən iri enerji layihəsidir. Bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi, bu tarixi layihəyə cəlb olunmuş ölkələr və şirkətlər arasında geniş beynəlxalq əməkdaşlıq layihəsidir".