Berti Foqts: "AFFA-ya müraciət edəcəyəm"

17 Dekabr 2013 17:12 (UTC+04:00)

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Azərbaycanda işinə davam edib-etməyəcəyi haqda danışıb. Siasport.az saytınıın məlumatına görə, o, jurnalistlərə açıqlamasında gələn ilin planlarından danışa bilıməyəcəyini qeyd edib: "Gələn ilin planları haqda danışa bilmərəm. Çünki mənim Azərbaycan millisi ilə müqaviləm başa çatıb. AFFA İcraiyyə Komitəsinin qərarından sonra bu haqda nə isə demək olar. Əgər Azərbaycan millisində işimi davam etdirməli olsam, daha çox yoldaşlıq oyunları və təlim-məşq toplanışları keçirmək fikrim var. Bunlara daha çox vaxt ayırmaq üçün AFFA-ya müraciət edəcəyəm".

Baş məşqçi Rəşad Sadıqovun ilin ən yaxşı futbolçusu seçilməsi haqda da danışıb: "Ən yaxşı futbolçu Rəşad seçilibsə, deməli o, bu ada layiqdir. Rəşadın yüksək liderlik keyfiyyətləri var. Bir qola və bir məhsuldar ötürməyə görə ən yaxşı futbolçu seçilmir. Gərək bütün bir ili nəzərə alasan ki, Rəşad da bu dövrdə özünü yaxşı tərəfdən göstərib".