“Şahdəniz 2” layihəsinin yekun investisiya sazişinin imzalanması mərasimi keçirilib

17 Dekabr 2013 11:40 (UTC+04:00)

Bakıda, Heydər Əliyev Mərkəzində "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması mərasimi olub. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

Dövlətimizin başçısı mərasimdə çıxış edib.

Sonra Albaniyanın Baş naziri Edi Rama, Bolqarıstanın Baş naziri Plamin Orişarski, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Xorvatiyanın Baş naziri Zoran Milanoviç, Monteneqronun Prezidenti Filip Vuyanoviç, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər naziri Uilyam Heyq, İtaliyanın xarici işlər naziri Emma Bonino, Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger, ABŞ-ın enerji nazirinin köməkçisi vəzifəsini icra edən Conatan Elkind, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, bp şirkətinin baş icraçı direktoru Robert Dadli çıxış ediblər.

Sonra sənədlər imzalanıb.

"Azərbaycan Respublikası, Albaniya Respublikası, Xorvatiya Respublikası və Monteneqro arasında Cənub-Şərqi Avropada "Cənub" qaz dəhlizinin həyata keçirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nu Azərbaycanın energetika naziri Natiq Əliyev, Albaniyanın enerji və sənaye naziri Damian Gjiknuri, Xorvatiyanın iqtisadiyyat naziri İvan Vrdoljak, Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç imzalayıblar.

"Şahdəniz-2" üzrə yekun investisiya qərarını Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və "Şahdəniz" üzrə Hasilatın Pay Bölgüsü Sazişi əməliyyatçısının prezidenti Qordon Birrel imzalayıblar.

Bununla da "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması mərasimi başa çatıb.

Xatırladaq ki, Azərbaycan "Şahdəniz-2" layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılması üçün boru kəmərinin seçilməsi ilə bağlı qərarını iyunun 28-də rəsmən açıqlayıb. "Şahdəniz" konsorsiumu son iki il ərzində Avropaya təbii qazın nəqli üçün boru kəmərinin bir neçə seçim variantını nəzərdən keçirib və TAP (Trans Adriatic Pipeline) üzərində dayanıb. Uzunluğu 870 km olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 2,2 milyard ABŞ dolları təşkil edir.