Leyla Əliyevanın rəsmi saytının yenilənmiş versiyası təqdim edilib

16 Dekabr 2013 18:32 (UTC+04:00)

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın rəsmi saytının yenilənmiş versiyası təqdim edilib. SİA-nın verdiyi xəbərə görə, www.leyla-aliyeva.az saytının yeni versiyasında Heydər Əliyev Fondunun vitse-prezidentinin çoxşaxəli fəaliyyətinin bütün istiqamətləri üzrə ətraflı məlumat verilir.

Sayta müraciət edənlər interaktiv xəritə vasitəsilə Leyla Əliyevanın səfərləri barədə məlumat ala bilərlər. İndi saytda Leyla Əliyevanın müxtəlif mətbu orqanlara verdiyi müsahibələr, habelə onun fəaliyyəti barədə materiallar təmsil olunub. Bu bölmədəki materiallar PDF formatında təklif olunur.

Bundan əlavə, saytda Leyla Əliyevanın yaradıcılığı ilə də tanış olmaq mümkündür. "Yaradıcılıq" bölməsində Leyla Əliyevanın şeirləri və rəsm əsərləri yerləşdirilib.

"Fotoqalereya" bölməsində Leyla Əliyevanın şəxsi fotoşəkilləri və portretləri yer alıb.

Videoqalereyada açılmış yeni bölmədə isə Azərbaycan haqqında videoçarxlar yerləşdirilib.