"Artıq "İctimai Palata" öz missiyasını yerinə yetirib, AXCP "Milli Şura"nı prioritet birlik mexanizmi sayır". Bunu öz açıqlamasında "İctimai Palata"nın üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. F.Qəhrəmanlı bildirib ki, "İctimai Palata"da təmsil olunan qüvvələrin hamısı demək olar ki, "Milli Şura"da təmsil olunur. Onun sözlərinə görə, "Milli Şura" daha geniş təmsilçilik formatıdır, "İctimai Palata"da təmsil olunmayan vətəndaş cəmiyyəti institutları, partiyalar, media təmsilçiləri, o cümlədən müstəqil şəxslər də "Milli Şura"da təmsil olunur. AXCP rəsmisi ümumiyyətlə, "İctimai Palata"nın qarşısına qoyduöu vəzifələrin öhdəsindən gələ bilmədiyini etiraf edib: "…Paralel qurumların saxlanılmasına ehtiyac yoxdur. "İctimai Palata" artıq funksiyasız bir quruma çevrilib və "İctimai Palata"nın buraxılması zərurəti meydana çıxıb".
F.Qəhrəmanlı "İctimai Palata"nın buraxılmasının da artıq zaman məsələsi olduğunu qeyd edib: "Milli Şura" yaranandan indiyə qədər "İctimai Palata"nın sessiyalarının keçirilməməsi də bu qurumun funksiyasını itirdiyini göstərir. Yəqin ki, "İctimai Palata"nın taleyi ilə bağlı qərar "İctimai Palata"nın koordinasiya şurasının toplantısında veriləcək".
Lakin yuxarıda da qeyd edildiyi kimi, AXCP-dən fərqli olaraq, Müsavat tərəfi "İctimai Palata"nın fəaliyyətinin dayandırılması tələbinə qarşı qəti olaraq etiraz edir və partiyanın bundan sonra da bu istiqamətdə fikrinin dəyişməyəcəyini bəyan edir.
Müsavat: "Yəqin ki, müzakirələr nəticəsində ortaya bir qərar da çıxacaq"
"İctimai Palata"nın digər üzvü, Müsavat Partiyanın Divan üzvü Tural Abbaslı "Milli Şura" və hazırkı vəziyyətin təmsil olunduğu siyasi təşkilatda müzakirə olunduğunu bildirib: ""İctimai Palata" lazımdır, lazım deyil, bu barədə hələ Müsavat Partiyasında müzakirə aparılmır".
T.Abbaslı bununla ümumiyyətlə, AXCP-nin qərarı ilə razılaşmadığını sərgiləyib.
"İctimai Palata"nın koordinasiya şurasının üzvü Rauf Arifoğlu da "İctimai Palata"nın gələcəyinin müzakirə edilməli olduğunu qeyd edib: "Yəqin ki, müzakirələr nəticəsində ortaya bir qərar da çıxacaq. "İctimai Palata"nın növbəti sessiyasının nə vaxt keçiriləcəyinə gəlincə, bununla bağlı sualı Müsavat başqanı İsa Qəmbər cavablandıra bilər. Mən öz fəaliyyətimin gələcəyini daha çox qəzet istiqamətində görürəm".
Qeyd edək ki, "İctimai Palata"nın koordinasiya şurasının üzvü, Müsavata yaxınlığı ilə seçilən AXP sədri Pənah Hüseyn də qurumun gələcəyi barədə AXCP-yə əks olan fikir səsləndirib: "Keçiriləcək sessiyada palatanın qalmasının mümkünlüyü barədə müzakirələr aparılacaq".
Göründüyü kimi, xüsusilə, AXCP və Müsavat arasında aparılan bu savaş arxasında əsas məqsəd ənənəvi müxalifətdə vahid liderliyi ələ almaqdan ibarətdir. İsa Qəmbərin başqanlıqdan getməsi ehtimalı artıqca, Müsavatın "İctimai Palata"nı əldə saxlamaq ehtimalı daha da çoxalır. Məhz bu səbəbdən, AXCP rəhbərliyi xüsusilə "palatanın" işinə rəsmən xitam verilməsi yönündə açıq bəyanatlar səsləndirməkdədirlər. Bu amil isə söz yox ki, "Milli Şura"ya da sıçradığına görə, sonrakı mübarizənin daha kəskin xarakterə keçid alacağını da indidən proqnozlaşdırmaq mümkündür.