"Azərbaycan iqtisadiyyatında diqqət çəkən məqamlardan biri də artıq ölkəmizin investisya həyat keçirən dövlətə çevrilməsidir". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycan artıq Mərkəzi və Şərqi Avropaya investisiya yönəldən ölkələrdən biridir: "2013-cü ilin statistikasına nəzər salmaq kifayətdir ki, Azərbaycanın iş adamlarının yalnız qonşu ölkələrdə deyil, eyni zamanda Mərkəzi şərqi Avropa ölkələrində, o cümlədən inkişaf etmiş Avropa ölkələrində investisiya qoyuluşlarını həyata keçirdikləri məlum olsun. Bununla yanaşı, cari ildə Azərbaycanın iş adamları qonşu ölkələrdən Gürcüstan və Türkiyə iqtisadiyyatına böyük məbləğdə investisiya qoyuluşları həyata keçirib. Belə ki, 2013-cü ildə Azərbaycanın yalnız Türkiyə iqtisadiyyatındakı investisiyasının potensial həcmi 17 milyard dollara yaxın olacaq. Onlarından bir qismi artıq həyata keçməyə və reallaşmağa başlayıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Rusiyada, ABŞ-da, Britaniyada o cümlədən, İsveçrədə investisiya qoyuluşları həyat keçirib. Bununla yanaşı, ARDNŞ ABŞ-da daşınmaz əmlaka investisiya qoyuluşu həyata keçirən şirkətlərdəndir. Bir sözlə, Azərbaycanın investisiya qoyuluşunun coğrafiyası çox genişdir. Ümumilikdə, 2013-cü ilə nəzər saldıqda Azərbaycanın investisiya həyat keçirmələrinin təxminən 6 milyard dollara yaxın olduğunun şahidi oluruq. 2014-cü ildə bu rəqəmin keçən ilə nisbətən 1 milyard artacağı gözlənilir. Azərbaycan yeni ildə investisiya qoyan ölkə kimi mövqeyi yenə də güclü olacaq".