Bakıda Azərbaycan-İran dövlətlərarası birgə sərhəd komissiyasının iclası işə başlayıb

16 Dekabr 2013 14:17 (UTC+04:00)

Bakıda Azərbaycan-İran dövlətlərarası birgə sərhəd komissiyasının iclası işə başlayıb. İranın Azərbaycandakı səfirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasın açılışında çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov İranla Azərbaycanın məsul şəxslərinin iki ölkə münasibətlərinin inkişaf etdirilməsində iradəsini qeyd edib: "İranla Azərbaycanın gələcəyi aydındır və iki ölkə münasibətlərində heç bir problem mövcud deyil".

O, iki ölkə sərhədlərini dostluq sərhədi adlandıraraq, ümidvar olduğunu bildirib ki, sərhəd məsələlərinin həlli İranla Azərbaycan arasında münasibətlərin daha da möhkəmlənməsinə kömək edəcək.

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin iki ölkə münasibətlərinin artan templə inkişaf etdiyini qeyd edib. O, İran nümayəndə heyətini çox təcrübəli və sərhəd məsələlərini çox yaxşı bilən bir heyət kimi dəyərləndirib.

Səfir ümid etdiyini bildirib ki, sərhəd məsələlərinin həlli ilə İranla Azərbaycan arasında dostluq əlaqələri günü-gündən güclənəcək və iki ölkə əhalisi bu imkanlardan faydalanacaq.

Sərhəd komissiyasının ilk iclası İran nümayəndə heyətinə başçılıq edən İran Xarici İşlər Nazirliyinin hüquqi işlər üzrə baş idarəsinin rəisi Əlirza Cahangirinin çıxışı ilə davam edib.

Qeyd edək ki, müştərək sərhəd komissiyasının iclası iki gün davam edəcək.