TQDK sədri: "9 illik təhsil bazasından orta ixtisas məktəblərinə qəbulda yenilik olacaq" DİQQƏT

16 Dekabr 2013 14:11 (UTC+04:00)

"2013/2014-cü tədris ilinin qəbul planında cari ildə 9-cu sinfi bitirən şagirdlərin orta ixtisas məktəblərinə qəbulunda yenilik etmişik. Bu yenilik nəticəsində şagirdlər 9 illik təhsil bazasından orta ixtisas məktəblərinə qəbul olmaq üçün əlavə qəbul imtahanı verməyəcək".

SİA xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, 9 illik təhsil bazasının buraxılış imtahanında iştirak edən şagird həmin imtahanın nəticələrinə uyğun olaraq orta ixtisas məktəbinə qəbul olunacaq: "Təbii ki, bu qəbulda müsabiqə keçiriləcək. Biz şagirdin orta ixtisas məktəbinə qəbul olunması üçün buraxılış imtahanlarının nəticələrini əsas götürəcəyik".

TQDK sədri onu da qeyd edib ki, 2013/2014-cü tədris ilində ali təhsil məktəblərinə qəbulda ixtisas qrupları üzrə fənlərin sayının artırılması nəzərdə tutulmayıb.