Çingiz Aytmatovun 85 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək

16 Dekabr 2013 14:09 (UTC+04:00)

Dekabrın 18-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında türk dünyasının görkəmli yazıçısı, ictimai xadim Çingiz Aytmatovun 85 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, bir çox elm və mədəniyyət xadimlərinin, ədəbiyyat sevərlərin iştirak edəcəyi tədbirdə yazıçının həyat və yaradıcılığından söhbət açılacaq, türk və dünya ədəbiyyatındakı xidmətlərindən danışılacaq, tədbirin bədii hissəsində incəsənət ustaları tərəfindən yazıçının məşhur əsərlərindən parçalar nümayiş etdiriləcək, sevilən musiqilər ifa olunacaq.

Qeyd edək ki, Çingiz Torekul oğlu Aytmatov 12 dekabr 1928-ci ildə Qırğızıstan respublikasının Şəkər kəndində anadan olub.
Cambul zootexnikumunu, Bişkəkdəki Kənd Təsərrüfatı Universitetini və Moskvadakı Ali ədəbiyyat kursunu bitirib. Ali təhsil aldıqdan sonra Qırğız SSR-in Maldarlıq Elmi-Tədqiqat İnstitutunda çalışıb.

SSRİ Ali Sovetinin deputatı, Qırğızıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Yazıçılar İttifaqının və Kinematoqrafçılar İttifaqının katibliyinin üzvü, Asiya və Afrika ölkələri ilə Sovet həmrəylik komitəsinin rəhbərlərindən biri, "Xarici ədəbiyyat" jurnalının baş redaktoru, "İssıqqul forumu" adlı beynəlxalq intellektual hərəkatın təşəbbüskarı olub.

1990-1994 illərində SSRİ-nin və sonradan Rusiyanın Benilüks ölkələrindəki səfiri vəzifəsində çalışıb. 2008-ci ilin martınadək Qırğızıstanın Fransa, Belçika, Lüksemburq və Niderlanddakı səfiri olub.

"Cəmilə", "Ağ gəmi", "Əlvida, Gülsarı!", "Gün var əsrə bərabər", "Qırmızı alma", "Dəniz kənarı ilə qaçan alabaş" və sair onlarla məşhur əsərlərin müəllifi Çingiz Aytmatov Sosialist Əməyi Qəhrəmanı, Lenin və SSRİ Dövlət Mükafatı laureyatı olub, Qırğızıstanın Xalq Yazıçısı fəxri adına layiq görülüb.

Çingiz Aytmatov 2008-ci il iyunun 10-da 80 yaşında vəfat edib.