"Son 10 ildə Seçki Məcəlləsinin 250 maddəsinə dəyişiklik edilib"

16 Dekabr 2013 12:43 (UTC+04:00)

"Seçki Məcəlləsi qəbul edildiyi 2003-cü ildən bu günə qədər qanuna 16 dəfə dəyişiklik və əlavələr edilib". Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan parlamentində "MDB ölkələrində seçki qanunvericiliyinin inkişafı : təkmilləşdirmə yolları və tətbiq praktikası" mövzusunda keçirilən beynəlxalq seminarda çıxışı zamanı deyib.

O bildirib ki, bu müddət ərzində Seçki Məcəlləsinin 250 maddəsinə dəyişiklik edilib: "30 maddə Məcəllədən çıxarılıb, 20-ə yaxın maddə isə əlavə edilib. Seçki Məcəlləsinə edilən mövcud dəyişikliklər Azərbaycandakı demokratiyanın inkişafı ilə bağlı olub".

Komitə sədri onu da deyib ki, 1995-ci ildə qəbul edilən konstitusiya Azərbaycanda demokratik seçki sisteminin əsasını müəyyən edib və 2003-cü ildə vahid Seçki Məcəlləsi qəbul edilənədək ölkədə prezident, parlament və bələdiyyə seçkiləri ayrı-ayrı qanunlarla tənzimlənirdi.

O, Azərbaycanda seçki qanunvericiliyinin tətbiqi barədə məlumat verərək bildirib ki, seçki komissiyaları paritet əsasında formalaşıb: "Bununla da profesional seçki idarəetmə strukturu yaradılıb. Müasir dünyada demokratik seçkilərin vacib prinsiplərindən biri seçki prosesinin şəffaflığı hesab olunur. Seçkilərdəki şəffaflıq özünü exit-polların keçirilməsi, barmaqların rəngsiz mürəkkəblə boyanması, seçki məntəqələrində veb-kameraların quraşdırılması ilə göstərir. Şəffaflığı təmin edən sadaladığım elementlərin hər biri Azərbaycan Seçki Məcəlləsində öz əksini tapıb".

O, həmçinin əlavə edib ki, ölkə başçısının sərəncamına görə "Milli Fəaliyyət" proqramı na uyğun olaraq, vətəndaşların seçki hüquqlarının təmin olunması istiqamətində də mühüm işlər görülür: "Seçki hüququ pozulan şəxslərin hüquqlarının təmin olunması və tez bir zamanda məsələnin həll olunması ilə bağlı Seçki Məcəlləsinə əlavə və dəyişikliklər olub. Bütün bunlar bir daha Azərbaycakı seçki sisteminin demokratik, şəffaf və ədalətli olmasından xəbər verir".