AMİP sədri Yusif Bağırzadə istisna etməyib ki, 7 partiyanın cəmləndiyi DQB Milli Şuranın mövcud durumundan istifadə edib üstünlüyü ələ almaq niyyətindədir. Artıq birliyin 2014-cü il bələdiyyə və 2015-ci il parlament seçkilərində iştirak etmək üçün bloka çevriləcəyi istiqamətində də müzakirələr aparılır.
AMİP sədri birliyin son iclasında DQB-nin seçki blokuna çevrilməsi təklifini verib. Onun sözlərinə görə, rəhbərlik etdiyi partiya seçkilərdə müxalifətin bir blokda, bir təşkilatda birləşməsinin tərəfdarıdır: "Hələ 2010-cu il parlament seçkiləri öncəsi müxalifətin vahid siyahısı olmasını istəyirdik. Əfsuslar olsun ki, bu, reallaşmadı. Belə bir ittifaqın yaradılmasına başqa siyasi partiyalar meylli olmadı. Ancaq seçkiyə biz tək getdik…Bu gün DQB-də təmsil olunuruq. Keçən iclaslarda bu təşkilatın daha da modernləşməsi və seçki blokuna çevrilməsi haqqında təklif verdim. Birliyin iclasına ALP sədri Əvəz Temirxan sədrlik edirdi. Təklifim DQB-də təmsil olunan siyasi təşkilatın sədrləri tərəfindən müsbət qarşılandı, ancaq bildirildi ki, bu, müzakirə obyekti olmalıdır. Gələn iclasda təklifimi gündəliyə qoyacağıq. İstərdik ki, gələn il bələdiyyə seçkilərində iştirak edək. DQB seçki blokuna çevrilsə, birgə iştirak edərdik".
Y.Bağırzadə onu da bildirib ki, DQB-nin seçki blokuna çevrilməsi üçün birliklə yanaşı, Milli Şurada təmsil olunan ACP və KXCP öz qəti mövqelərini ortaya qoymalıdır. Çünki Milli Şuranın gələcək fəaliyyəti sual altında qalıb: "Həmin siyasi təşkilatlar ya Milli Şurada, ya da bizimlə olmalıdır".
Xatırladaq ki, DQB-də AMİP, Xalq Azadlıq Partiyası (XAP), İslam Demokrat Partiyası (İDP), Açıq Cəmiyyət Partiyası (ACP) Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Azərbaycan Liberal Partiyası (ALP), və Böyük Azərbaycan Partiyası (BAP) təmsil olunur. ACP və KXCP həm də Milli Şuranın üzvü olduqlarına görə, yekun qərarlarını verməlidirlər.