Milli Şura İctimai Palatanın aqibətini yaşamaqda davam edir. Belə ki, qurumdaxili münasibətlərin korlanması, şuranın AXCP-nin monopoliyasına keçməsi, eyni zamanda Müsavat Partiyasının qurumdan çıxma ehtimallarının böyüməsi belə qənaətə gəlməyə zəmin yaradır ki, Milli Şura yax;n zamanlarda tamamilə süquta uğrayacaq. Lakin onu da ehtimal etmək mümkündür ki, Müsavat tərəfi Milli Şura çərçivəsində Cəbhəyə qarşı sürdüyü şərtlərini ehtiyat planı olduğuna görə önə çıxarıb. Əks halda Müsavatın özünün-özünə müxalifət daxilində quyu qazması heç də inandırıcı görünmür. Görünür, bu səbəbdən də hələlik öz mövqeyini yumşaq tərzdə sərgiləyən müsavatçılar xoşməramlılıq nümayiş etdirməklə Milli Şuranın mitinqinə qatılacaqlarını, hətta bununla bağlı partiyadaxili məsləhətləşmələr aparıldığını mətbuat vasitəsilə ortaya qoyur.
Lakin bəlli olan budur ki, Müsavat başqanı İsa Qəmbər heç bir halda AXCP sədri Əli Kərimliyə güzəştə getmək fikrində deyil. Ehtiyat planına gəlincə isə, artıq düşərgədə Milli Şuraya qarşı amansız rəqib hesab olunacaq daha bir siyasi birlik formalaşmaqdadır. Demokratik Qüvvələr Birliyi (DQB) adı altında yaradılan qurumun ilk təmsilçiləri isə vaxtilə Milli Şurada fəaliyyət göstərmiş Azərbaycan Liberal Partiyası (ALP) və hazırda da Milli Şurada fəaliyyət göstərən Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) və Açıq Cəmiyyət Partiyasıdır (ACP).
Onu da qeyd edək ki, elan ediləcək DQB-nin tərkibinə daha bir neçə siyasi təşkilatların atılacağı ehtimalı var. Onların başında isə Milli Şuradan və AXCP-dən istefa vermiş Asəf Quliyevin Xalq Arzusu Hərəkatı dayanıb.
Məhz bu kimi məqamı əlində əsas saxlayan Müsavat Partiyası yaradılması planlaşdırılan DQB-yə üzv olmağa hazırlaşır. Əldə etdiyimiz digər məlumata görə, artıq bu barədə, yəni AXCP ilə müzakirələrdə irəli sürülən şərtlərdən biri də Müsavat Partiyasının Milli Şura daxilində fəaliyyət göstərməsi üçün, onun şərtlərinin qəbul edilməsi tələbinin irəıi sürülməsidir. İsa Qəmbərin şərtləri qəbul edilməsə yaxın günlərdə Müsavat Partiyası yeni birliyin yaradılması bəyanatını səsləndirməklə, Milli Şuraya, daha dəqiqi isə AXCP-yə qarşı amansız savaşa atılacağını əməlləri ilə sübuta yetirəcək.