Gənclər zərərli vərdişlərin törətdiyi sosial problemləri müzakirə ediblər

13 Dekabr 2013 14:12 (UTC+04:00)

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Yeniləşən Azərbaycan Gəncliyi" İctimai Birliyinin təşkilatçılığı ilə dekabr ayının 13-də 150-dən çox gəncin iştirakı ilə "Zərərli vərdişlərin törətdiyi sosial problemlər" mövzusunda tədbir keçirilib.

SİA-nın məlumatına görə, tədbiri açıq elan edən ictimai birliyin icraçı katibi Etibar Əsədov bildirib ki, bu gün dünyanın qlobal probleməri sırasında narkomaniya, alkoqollu içki və siqaretin törətdiyi fəsadlar cəmiyyətdə, xüsusən də gənclər arasında sosial problem yaradıb.

Tədbirdə zərərli vərdişlərin törətdiyi xəstəliklər haqqında da gənclərə geniş məlumat verilib.

Belə ki, çıxış edən Azərbaycan Tibb Universitetinin dosenti Şəhla Balayeva bildirib ki, UNİCEF-in və Ümumdünya Səhiyyə təşkilatının statistikasına əsasən, dünya yeniyetmələrinin 15 milyona qədəri siqaret çəkir, onların 80%-i siqaret çəkməyə 18 yaşından əvvəl başlayırlar: "Müəyyən olunub ki, siqaret çəkən gənclər psixatrop və narkotik maddələrdən istifadəyə daha çox meyilli olurlar. Narkotiklərə qurşanan gənclərin mənəvi keyfiyyətləri də məhv olur, psixi pozlunluqları yaranır, dostlarını, ailəsini itirir, sənət və ixtisas qazana bilmir, işsiz qalır, özünə və ətrafına sonsuz bədbəxtliklər gətirir və nəhayət tədricən məhv olur".

Çıxış edən ekspert Məmmədbağır Əliyev idə deyib ki, alkoqoldan istifadə olunması qlobal problemdir: "Bu nəinki, ayrı-ayrı gənclər, hətta, bütün cəmiyyət üçün təhlükə yaradır. Bu hər il 2.5 milyon ölüm hallarına gətirib çıxarır. Alkoqoldan həddindən artıq istifadə nəinki insanların özünə, həm də ətrafdakı insanların sağlamlığına və təhlükəsizliyinə də mənfi təsir göstərir. Sərxoş vəziyyətdə olan adam başqa insanlara zərər yetirir".

Tədbir gənclərin sualları və fikir mübadiləsi ilə yekunlaşıb.

İntizarə MƏMMƏDOVA