"Real" prezidenti "Qalatasaray"a heyran qalıb..

13 Dekabr 2013 14:15 (UTC+04:00)

Madrid "Real"ının prezidenti olan Florentino Perez, İstanbulun "Qalatasaray" futbol klubunun UEFA Çempionlar Liqasının son qrup oyununda İtaliya "Yuventus"unu məğlub edərək, 1/8 final mərhələsinə yüksəlməsini "Qəhrəmanlıq hekayəsi" adlandırıb. Siasport.az saytı xəbər verir ki, bu barədə Türkiyənin nüfuzlu "Milliyet" qəzeti yazıb. Belə ki, F.Perez "Qalatasaray"ın prezidenti Ünal Aysala telefonla zəng edərək onu təbrik edib. "Yuventus"u UEFA Çempionlar Liqasından kənarlaşdırmaqla "Qalatasaray"ın öz gücünü bir daha ortaya qoyduğunu deyən "Real" rəhbəri, bu qələbə ilə keçən ilki uğurun təsadüfi olmadığını da hər kəsə nümayiş etdirdiyini diqqətə çatdırıb. "Real" prezidentini ən çox təəcübləndirən isə, çovğunlu havada günorta oynanan qarşılaşmaya 40 minə qədər "Qalatasaray" azarkeşinin gəlməsidir. Avropanın heç bir ölkəsində bu qədər azarkeşin günorta çağı, xüsusi ilə qarlı və şaxtalı havada stadionları doldurmasına bu vaxta qədər şahidlik etmədiyini deyən F.Perez, "com bom" azarkeşlərinin əsl fədakar olduqlarını da dilə gətirib.