Elmar Məmmədyarov səfir Malena Mordu qəbul edib

12 Dekabr 2013 18:01 (UTC+04:00)

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri, səfir Malena Mordu qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Aİ arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanması tərəflər arasında yeni mərhələnin başlanğıcı kimi xarakterizə olunub və nəzərdə tutulan iki tərəfli sənədlərin imzalanmasına dair danışıqların müvəffəqiyyətlə nəticələnəcəyinə ümid ifadə edilib.

Səfir Malena Mord təmsil etdiyi təşkilatın Azərbaycanı strateji tərəfdaş kimi qəbul etdiyini, Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin oynadığı rolu yüksək qiymətləndirdiyini və müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Azərbaycan-Aİ arasında əməkdaşlığın gələcək perspektivlərindən danışan nazir Elmar Məmmədyarov, Avro-Atlantik məkana inteqrasiyanın ölkəmizin xarici siyasətinin prioritetlərindən biri olduğunu, bununla belə Azərbaycanla Aİ arasında münasibətlərin inkişafında ölkəmizin milli maraqlarının qorunmasının əsas olduğunu qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsinin nizamlama prosesinə toxunan nazir Elmar Məmmədyarov, beynəlxalq təşkilatların, eləcə də Aİ-nin bu münaqişənin həllində ədalətli mövqe tutmasına və nizamlama prosesinə real töhfələr verməsinə ehtiyac olduğunu bildirib. Nazir Ermənistan-Azərbaycan münaqişəsini region ölkələrinin inkişafı, ümumilikdə regiondaxili və regionlararası inteqrasiya üçün əsas mane olduğunu qeyd edib.