Azərbaycanda "Türkdilli dövlətlərin iqtisadçı alimlərinin I Bakı Forumu" keçiriləcək. SİA-nın məlumatına görə, bu barədə qərar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin bugünkü iclasında qəbul edilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə qeyd edib ki, XXI əsrin əvvəlində dünyada baş verən iqtisadi böhran başa çatsa da, gələcəkdə gözlənilən böhranların qarşısının alınması istiqamətində səylərin birləşdirilməsi zəruridir: "Bu tip təşəbbüslərin türkdilli dövlətlər arasında həyata keçirilməsi imkanları forumda müzakirə ediləcək".
Daha sonra Akademiyanın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdulla bu ilin avqustunda Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə Toplantısınında Prezident İlham Əliyev çıxışını xatırladıb: "Ölkə başçısı türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. Bu çağırış "Türkdilli dövlətlərin iqtisadçı alimlərinin I Bakı Forumu"nun keçirilməsi üçün zəmin yaradıb. Forumun təşkilində məqsəd türkdilli ölkələrdə baş verən sosial-iqtisadi proseslərin təhlili, türksoylu iqtisadçı alimlərin qarşılıqlı elmi mübadilələrinin təmin edilməsi, elmi-strateji araşdırmalara təkan verilməsi, həmçinin bu istiqamətlərdə konkret təklif və tövsiyələrin irəli sürülməsidir".
K.Abdullanın sözlərinə görə, forumun ilk dəfə Azərbaycanda təşkili ölkəmizin dünyada nüfuzunun yüksəlməsinə və elmi əlaqələrin genişlənməsinə əhəmiyyətli təsir göstərəcək.
Qeyd edək ki, forumun 2014-cü ilin iyun ayında keçiriləcəyi nəzərdə tutulur.