“Səs” qəzetinin redaksiyasında Ulu Öndərin anım günü ilə əlaqədar tədbir keçirilib TƏDBİR (FOTOLAR)

10 Dekabr 2013 13:03 (UTC+04:00)

Bu gün "Səs" qəzetinin redaksiyasında Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar "Heydər Əliyevsiz 10 il" mövzusunda gənclərin iştirakı ilə dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, Dəyirmi masada Bakı Şəhər Gənclər və idman Baş idarəsinin rəisi Raqif Abbasov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva, YAPGB-nin layihələr üzrə koordinatoru Leyla Kərimova, YAP Nizami rayon Təşkilatının Gənclər Birliyinin sədri Əli Pənahov, Gənclər Birliyinin əməkdaşı Şəfəq Əhmədova, YAP Nərimanov rayon Təşkilatının Gənclər Birliyinin sədri, Respublika YAP Gənclər Birliyinin idarə heyətinin üzvü Yusif Babanlı, YAP Qaradağ rayon Təşkilatının Gənclər Birliyinin sədri Ramiz Yusubov, YAP Nəsimi rayon Təşkilatı Gənclər Birliyinin üzvü Əli Qənbərli iştirak ediblər.

Müzakirələrdən öncə Ulu Öndərin Ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan "Səs" qəzetinin siyasət şöbəsinin müdiri İlham Əliyev bildirib ki, daima ruhu bizimlə olan Ulu Öndər Heydər Əliyev bizlərə dünyaca tanınan və qəbul edilən Azərbaycan kimi qüdrətli dövləti miras qoyub: "Dahi Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Söz yox ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti və onun xalqı hələ çox uğurlara, nailiyyətlərə imza atacaq".

Maraqlı müzakirələr və diskussiya şəraitində keçən dəyirmi masada BŞGİBİ-nin rəisi Raqif Abbasov bu gün Azərbaycanın idman ölkəsi kimi dünyada tanınmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri, rolu və əməyi olduğunu deyib. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin sərəncamı əsasında Gənclər və İdman Nazirliyi yaradılıb, daha sonra 2 fevral Gənclər Gününün qeyd olunması barədə qərar qəbul edilib.

YAP Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva Ulu Öndər Heydər Əliyevin birinci hakimiyyəti- 1969-1982-ci illərdən Azərbaycanın müstəqilliyinə gedən yolunu müəyyənləşdirib, onun həyata keçirilməsi üçün məsləhətlərini verdiyini söylədi. O qeyd edib ki, o zaman azərbaycanlı gənclərin ittifaqın müxtəlif respublikalarına təhsil almağa göndərilməsi ilə Dahi Öndər ölkəmizin elmli, savadlı gənclərinin sayının artmasına xüsusi önəm verdi. Həmin gənclər təhsilini başa vurub Respublikaya qayıtdıqdan sonra öz bilik və təcrübələrini Azərbaycanın inkişafına sərf etmiş olublar.

Eyni zamanda tədbirdə çıxış edən digər gənclər Ulu Öndərin xalq və dövlət üçün gördüyü xeyirli işlərdən söhbət açıb, Ümummilli Liderin ideyalarının davam etdirilməsi üçün öz bilik və bacarıqlarını əsrigəməyəcəklərini qeyd ediblər.