Sumqayıtda 3-cü avtoqol STATİSTİKA

10 Dekabr 2013 11:49 (UTC+04:00)

Topaz Premyer Liqasının XVI turu 2 avtoqolla əlamətdar olub. Siasport.az saytının məlumatına görə, arxada qalan 15 turun 75 qarşılaşmasında 3 futbolçu öz qapısına qol vurmuşdusa, bu dəfə 2 oyun günündə eyni sayda avtoqol qeydə alındı.

Mövsümün 4-cü, turun ilk uğursuzu Amit Quluzadə oldu. "Qəbələ"li futbolçu "Simurq"la ev oyununda öz qapısına qol vurdu. Növbəti belə hadisə isə yenə Sumqayıtda qeydə alındı. Mövsümün ilk 2 avtoqoluna ev sahibliyi edən arenada bu dəfə meydan sahibləri sevindi. "Bakı"nın legioneri Mario Alvarez öz qapısına qol vurdu.

Xatırladaq ki, mövsümün ilk 2 avtoqolu "Sumqayıt"ın ev oyunlarında meydan sahibləri tərəfindən gerçəkləşmişdi. Adil İbrahimov "İnter"lə, Anar Nəzirov "Qarabağ"la matçda belə uğursuzluq yaşamışdı. Digər uğursuz isə "Bakı" ilə matçda "Neftçi" azarkeşlərini üzən Erik Ramos olmuşdu.

Quluzadənin qolu milli çempionatlar tarixində 121-ci, Alvarezin qolu 122-ci avtoqol oldu. Hər 2 futbolçu Azərbaycan çempionatlarında ilk dəfə belə halla rastlaşdı. Klublara gəlincə isə, "Bakı" 8-ci, "Qəbələ" 2-ci dəfə rəqibi üçün qol vurdu. "Simurq" 6-cı, "Sumqayıt" isə ilk dəfə rəqib qolundan yararlandı.

Alvarez legionerlərin 36-cı avtoqolunun müəllifi oldu. "Bakı"nın legioneri həm də buna üzülən 2-ci ispaniyalıdır. Mariodan əvvəl Xuan Fransisko (AZAL) bu il fevralın 16-da, məhz "Bakı" ilə oyunda qapısına qol vurmuşdu.