BMT insan hüquqlarının qorunması ilə bağlı Azərbaycanı dəstəkləyir

10 Dekabr 2013 11:18 (UTC+04:00)

"Azərbaycanın "2020 Gələcəyə Baxış" Konsepsiyasında insan hüquqları ilə bağlı yer alan məsələlər BMT-nin İnsan haqları ilə bağlı Konsepsiyandakı məsələlərlə üst-üstə düşür. Biz BMT olaraq buna çox şadıq". SİA-nın məlumatına görə, bu sözləri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk İnsan Haqları günü ilə bağlı keçirilən tədbir zamanı çıxış edərkən deyib.

BMT olaraq insan haqlarının qorunması istiqamətində ölkəmizi dəstəkləməyə hazır olduqlarını deyən A. Bruk vurğulayıb ki, onlar beynəlxalq təşkilat olaraq ölkəmizdə həmçinin bu istiqamətdə monitorinqlərin aparılmasına da yardım etməyə hazırdılar: "Biz Azərbaycan insan haqları ilə bağlı monitorinqlərin aparılmasına hazırıq. Bundan əlvə bu istiqamətdə yeni təkliflərin hazırlanmasında da yardımçı ola bilərik".

A. Bruk çıxışı zamanı ölkəmizdə yaradılan ASAN xidmətlə bağlı fikrilərini bildirib. O qeyd edib ki, Azərbaycanda ASAN xidmətin yaradılması çox müsbət haldır və xidmət dövlətlə vətəndaş arasında münasibətlərin yüksəlməsinə şərait yaradacaq: "İnsan hüquqlarının pozulması halları ölkənin müxtəlif yerlərində baş verə bilər və ona görə də ölkədə mühafizə sistemi və vətəndaş cəmiyyətinin potensialının artmasına kömək etməliyik".