Dörd aylıq körpə bank səhmlərini satıb

10 Dekabr 2013 07:38 (UTC+04:00)

İspaniyanın "Novagalicia Bank" bankının nümayəndələri qəribə fırıldağa əl ataraq 4800 avroluq səhmlərin satışını dörd aylıq uşağın adına rəsmiləşdiriblər.

Körpənin valideynlərinin bundan xəbəri olmayıb və onlar qəflətən məhkəməyə çağırıldıqda şoka düşüblər.

"Metro" qəzetinin yazdığına görə, bank rəhbərliyi bunun səhv olduğunu bildirsə də, polis ona inanmır.

"Novagalicia Bank" bankının əməkdaşları nəinki körpənin adına xeyli məbləğ köçürüb, həm də bütün lazımi sənədləri rəsmiləşdiriblər.

Maraqlıdır ki, sənədlərdə uşağın valideynlərinin adları göstərilir, lakin məbləğ nədənsə onların bu il doğulmuş körpəsinin adına qeydə alınıb.

Polis bank rəhbərliyini fırıldaqçılıqda şübhəli bilir.

Bununla belə məhkəmə qərara almışdır ki, təhqiqatın aparıldığı müddətdə bank yanlış tranzaksiyanı ləğv etsin və bütün məhkəmə xərclərini ödəsin.

Bu xərclər "saxta" köçürmə məbləği ilə müqayisə oluna bilər.