"AXCP-nin "Milli Şura"dan kənarda hər hansı iki tərəfli əməkdaşlığı real deyil" – tipli açıqlama ilə çıxış edən "cəbhə" sədrinin müavini Fuad Qəhrəmanlı əslində, burada Müsavata eyham vurub və bildirib ki, əgər İsa Qəmbər "Milli Şura"dan imtina etsə, AXCP Müsavatla müttəfiqliyini davam etdirmək niyyətində olmayacaq.
"AXCP üçün əsas məsələ "Milli Şura"dakı şəxslərlə birgə başlanmış prosesi davam etdirməkdir" - deyən Qəhrəmanlı burada qeyri-səmimiliyini ortaya qoyaraq guya Müsavatın "Milli Şura"da qalmasını istədiyini bildirib. Lakin onun qeyri-səmimiliyi necə deyərlər, göz qabağındadır. Bir tərəfdən, Müsavatla hədə dilində danışan AXCP sədrinin müavini digər tərəfdən guya müsavatçıların "Milli Şura"dan getmələrini istəmədiyini sərgiləyir. Ancaq söz yox ki, burada daha çox görünən AXCP-nin "Milli Şura"da söz sahibinə çevrilməsi məsələsidir: "Biz də çox istərdik ki, Müsavat partiyası bu prosesdə iştirakını davam etdirsin. Müsavat Partiyası bu prosesdə iştirak etmək istəməsə, bunu onun seçimi hesab edəcəyik".
Qurumun parçalanması an məsələsinə çevrilib
Maraqlıdır ki, siyasi analitiklər də məsələ ilə bağlı bir sıra reallıqlarla çıxış edirlər. Ekspertlər də "Milli Şura"nın çıxılmaz labirintə düşməsinin "liderlərin" şəxsi ambisiyaları ilə əlaqələndirirlər. Məhz bu baxımdan da "Milli Şura" "İctimai Palata"nın və daha öncə dağılmış "Azadlıq" blokunun aqibətini yaşayır desək, heç də yanılmarıq.
Beləliklə,"Milli Şura"nın dərin böhran vəziyyətinə düşməsi mütləq mənada subyektiv faktorlarla bağlıdır ki, bu da ənənəvi müxalifətin daha öncələr yaşadığı hadisələrin yenidən təkrarlanmasına gətirib çıxarır.
Müxalifətin bu "birliyini" yönəldən şəxslər öz aralarında hökm sürən ziddiyyətlərə və rəqabətə son qoyub, səmimi şəkildə bir arada olmağı bacarmadılar. "Milli Şura"nın indiki ağır durumu da məhz bu qarşıdurmaların məntiqi nəticəsi kimi qəbul edilməlidir.
Tarixə nəzər salsaq görərik ki, "Azadlıq" blokunun ilk tərkibinin dağılması prosesində də bu hadisələr yaşanmışdı. O zaman üçün ənənəvi müxalifətin "birliyi" hesab edilən "Azadlıq" bloku da indi "Milli Şura"da müşahidə olunan intriqalar üzündən dağıldı. Bu səbəbdən də, proqnozlaşdırmaq olar ki, əslində, "Milli Şura"nın bu kimi vəziyyətdə mövcudluğunu davam etdirməsi nəinki inandırıcı deyil, eyni zamanda, bu qurumun parçalanması artıq an məsələsinə çevrilib.