Yeniyetmələrimiz Kiyevdən 16 medalla qayıdırlar

9 Dekabr 2013 17:19 (UTC+04:00)

Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının və Heydər Əliyev adına Ukrayna-Azəbaycan təhsil, elm, mədəniyyət və idman Mərkəzinin təşəbbüsü ilə Kiyevdə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş və Dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə güləş üzrə yeniyetmələr arasında keçirilən V beynəlxalq turnir başa çatıb. Siasport.az saytının məlumatına görə, turnirdə Azərbaycan və Ukrayna ilə yanaşı, Belarusiya, Rusiya, Moldova, Almaniya, Özbəkistan və Rumıniya komandaları iştirak edib və mükafatlar uğrunda ümumilikdə 360 güləşçi yarışıb.

Turnirdən öncə təşkilatçılar, Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, yarışın iştirakçıları, diasporumuzun nümayəndələri Kiyevdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan bağda Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Turnirdə iştirak edən sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri 6 qızıl, 4 gümüş və 6 bürünc medal qazanıb.

Güləşçilərimizdən Əfqan Xaşalov (54 kq), Mahir Əmiraslanov (58 kq), Teymur Məmmədov (69 kq), Hacımurad Maqomedsaidov (76 kq), Maqomedrasul Qazımaqomedov (85 kq) və İqbal Hacızadə (100 kq) bütün rəqiblərini üstələyərək turnirin qızıl medalına sahib olublar.

Pənah İlyaslı (63 kq), Orxan Həsənov (85 kq), Ülkər Babayeva (40 kq), Ləman Qurbanova (56 kq) yalnız final görüşündə məğlub olub və gümüş medalla kifayətləniblər. Bürünc medalları isə yığmamıza Babək Hüseynov (42 kq), Əlabbas Rzazadə (46 kq), Füzuli Hüseynov (54 kq), Haldun Məmmədov (58 kq), Türkan Nəsirova (46 kq) və Leyla Qurbanova (52 kq) qazandırıblar.