“Facebook”dan qarşı-qarşıya TƏHLİL

7 Dekabr 2013 12:38 (UTC+04:00)

Son günlər, xüsusilə, Milli Şuranın 4 dekabrda keçirilmiş və qalmaqallarla başa çatmış sessiyasından sonra sosial şəbəkələrdə bir-birlərinə meydan oxuyan partiya yekililəri barışmaz mövqelərində dayanmağa davam edirlər. Ortada isə bir neçə məqam dayanıb. Birincisi, AXCP-nin Milli Şuranı inhisarı altında saxlamaq imkanlarının artması, ikincisi, Müsavat Partiyasının bununla qəti şəkildə razılaşmaması, üçüncüsü, ACP-nin həm AXCP-ni, həm də Müsavatı Şurada dominantlıq rolu oynamalarına dair rəsmi fikir bildirməsi, üçüncüsü, KXCP-nin daxilində Milli Şura ilə bağlı fikir ayrıqlıqlarının mövcudluğu, dördüncüsü, Rüstəm İbrahimbəyovun sədrlik fəaliyyətinin "fəxri sədrlik"lə əvəzlənməsi, eyni zamanda Eldar Namazovun öz postundan uzaqlaşdırılması və beşincisi də "El" Hərəkatının vaxtilə İbrahimbəyov amilində birgə mövqedən çıxış etdiyi AXCP-yə qarşı münasibətinin dəyişməsi.

Belə bir qarmaqarışıqlıqdan baş aça bilməyən partiya və hərəkat liderləri son anda nə edəcəklərini, bundan sonra hansı addım ata biləcəklərini yenidən müzakirəyə çıxarmaq əvəzinə, "facebook"-da və digər sosial şəbəkələrdə qarşılıqlı ittihamlarla dolu bəyanatlar səsləndirməkdədirlər. Daha dəqiq desək, bir-birlərinin sözlərini açıq şəkildə üzlərinə deyə bilməyən müxalifət yetkililəri ən rahat vasitəni sosial şəbəkələrdə tapırlar. Bir-birlərinin üzlərini görməsələr də, ittihamlarını, hətta təhqirlərini demək, işlətmək imkanına malik olurlar. Bu, artıq bir reallığa çevrilib.

Ancaq onu da qeyd etmək olar ki, ittihamlarını, irad və iddialarını bir-birlərinin üzlərinə deməyə də macal tapanlar olur. Məsələn, sözügedən sessiyada Müsavat Divanının üzvü Tural Abbaslının KXCP rəsmisi ilə dava-dalaşı bu kontekstdəndir. Yəni belə qənaətə gəlmək mümkündür ki, bunlar üz-üzə gəldikləri zaman hətta ən xırda problemi belə, savaşla "müzakirə" edirlər. Və bu zaman belə bir sual yaranır ki, əcəba, onda "demokratik qüvvələrin Milli Şurası" adlandırılan qurum nəyə və kimə lazımdır?

Nəyə və kimə lazım olduğunu əslində, normal düçüncəli cəmiyyət hələ seçkilərdən öncə bəlli etmişdi. Yəni Milli Şuranın hansı məqsədlərə görə yaranması, kimlərin maraqlarını müdafiə etməsi sirr deyildi. İndi seçkilər geridə qalıb və belə görünür ki, Milli Şura artıq Azərbaycana qarşı maraqlarını istifadə etməyə cəhd edən qüvvələrə ümumiyyətlə, lazım deyil. Milli Şura daha qabaqlar fəaliyyət göstərən İctimai Palata, eləcə də digər qurumlar kimi siyasi tullantıya çevrilib və yenidən emal olunma şansları da sıfır həddindədir.

Ancaq bu reallığa baxmayaraq, indi də qiymətlərin artırılmasını bəhanə edərək mitinq keçirməyi planlaşdıran Şura təmsilçiləri unudurlar ki, seçkilər ərəfəsində mitinqlərinə uzağı 500-600 nəfər (o da pul müqabilində –R.N.) adam toplaşırdısa, budəfəki mitinqlərinə əgər baş tutsa heç 100 nəfər də yığıla bilməyəcək.

Başqa tərəfdən, əgər mitinq baş tutsa belə, oraya toplaşan liderlər (o liderlər ki, bir-birlərini sosial şəbəkələrdə ittiham və təhqir edirlər –R.N.)

mitinqi bir kənara qoyub, başlayacaqlar haqq-hesab sormağa ki, filan gün, gilan saatda qarşı tərəf niyə onu təhqir edib və s. Yəni "facebook"dan qarşı-qarşıya gələn müxalifət yeklililəri qiymət artımını unudub, bir-birlərinin yaxalarından yapışmağa başlayacaqlar. Belə olan halda Milli Şura yaxışı olardı ki, mitinq-filan keçirməsin. Çünki mitinq keçirsə belə, özünü daha rüsvayçı vəziyyətə doğru sürükləçiş olacaq.

Rövşən NURƏDDİNOĞLU