Bu gün ölkə ərazisində 11 dərəcə şaxta müşahidə olunacaq

7 Dekabr 2013 10:32 (UTC+04:00)

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 1-4, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.