Britaniyda Azərbaycanla bağlı tədbir keçirilib FOTO

7 Dekabr 2013 10:21 (UTC+04:00)

Böyük Britaniya parlamentinin Nümayəndələr Palatasının "Çörçil" zalında İngiltərə-Azərbaycan Cəmiyyətinin ənənəvi tədbir təşkil olunub. SİA-nın AzərTac-a istinadən verdiyi xəbərə görə, tədbirdə İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, professor Nərgiz Paşayeva, həmsədr vəzifələrini icra edən Dr. Kennet Forest, Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, həmçinin cəmiyyətin üzvləri və müxtəlif ölkələrin nümayəndələri iştirak ediblər.

Dr.Kennet Forest İngiltərə-Azərbaycan Cəmiyyətinin fəaliyyəti, cari ildə görülmüş işlər barədə məlumat verib. Təşkilatın fəaliyyətini dəstəkləyən ayrı-ayrı şəxslərə və şirkətlərə, o cümlədən Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə minnətdarlığını bildirən K.Forest, İngiltərə-Azərbaycan Cəmiyyətinin bundan sonra da ölkələrimiz arasında mədəni-humanitar əlaqələrin genişləndirilməsi istiqamətində səylərini daha da artıracağına əminliyini ifadə edib.

Qonaqları salamlayan professor Nərgiz Paşayeva cəmiyyətin mərhum həmsədri Lord Freyzerin xatirəsinin əziz olduğunu diqqətə çatdırıb. Lord Freyzerin Azərbaycanın həqiqi dostu olduğunu bildirən N.Paşayeva qeyd etmişdir ki, həmsədr olduğu müddətdə o, ölkələrimiz və xalqlarımız arasında mədəni və humanitar təmasların genişlənməsi işinə böyük töhfələr verib.

N.Paşayeva həmçinin, İngiltərə-Azərbaycan Cəmiyyətinin tarixi, keçdiyi inkişaf yolu, reallaşdırdığı müxtəlif layihələr haqqında ətraflı məlumat verib. 1997-ci ildən fəaliyyət göstərən cəmiyyətin ölkələrimiz arasında münasibətlərin genişləndirilməsində əvəzsiz xidmətlərinin olduğunu bildirən natiq təşkilatın son illərdə daha fəal çalışdığını, ölkəmizdə və həmçinin Böyük Britaniyada bir sıra uğurlu humanitar, sosial, mədəni layihələr həyata keçirdiyini qeyd edib.

Səfir Fəxrəddin Qurbanov İngiltərə-Azərbaycan Cəmiyyətinin mərhum həmsədri Lord Freyzerin xatirələrindən danışıb.

Bu ənənəvi tədbirin Lord Freyzer üçün xüsusi olduğunu bildirən səfir, ənənə davam etdikcə onun ruhunun şad olacağını diqqətə çatdırıb. Diplomat, mərhum həmsədrin fəaliyyətini yüksək qiymətləndirmiş və onun ölkələrimiz arasında mədəni-humanitar əlaqələrin inkişafına xüsusi töhfə verdiyini vurğulayıb. Cəmiyyətin nəzdində xatirə fondu yaradıldığını xatırladan səfir, bunun Azərbaycanda və Britaniyada gənclər üçün faydalı olacağına əminliyini diqqətə çatdırıb.

Cari ildə səfirliyin və İngiltərə-Azərbaycan Cəmiyyətinin birgə həyata keçirdikləri tədbirlər haqqında məlumat verən F.Qurbanov diplomatik nümayəndəliyimizin təşkilatın bundan sonrakı fəaliyyətinə də hərtərəfli dəstək verəcəyini bildirib.

Tədbir çərçivəsində gənc azərbaycanlı skripkaçı Nəzrin Rəşidova Azərbaycan və dünya klassiklərinin əsərlərindən parçalar ifa edib.