“Elə insanlar gərək xalq adından danışıb, səslərini çıxarmasınlar”

6 Dekabr 2013 16:40 (UTC+04:00)

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bu gün "Media forum" saytının suallarını cavablandırıb. SİA müsahibəni təqdim edir:

- "Milli Şura" dekabrın 15-də sosial tələblərlə mitinq keçirmək istəyir. Bunu necə qiymətləndirirsiniz?

- "Milli Şura" adlı qurum artıq yoxdur, dağılıb, tar-mar olub. İndi onun dağıntıları arasında qırğın başlayıb, dava gedir. Biri deyir ki, fəxri sədr Rusiyaya xidmət edir. Guya indiyədək bilmirdi ki, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşıdır, bu ölkədə yaşayır. Hətta onun prezidentliyə namizəd irəli sürmüşdülər. Biz deyəndə ki, başqa ölkə qarşısında öhdəliyi olan adam prezidentliyə namizəd ola bilməz, bunu qəbul etmirdilər, özlərindən min bəhanə uydururdular. Amma indi söyləyirlər ki, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşıdır, başqa ölkə qarşısında öhdəliyi var, fəxri sədr ola bilməz, çünki bizi hansı tərəfə aparacağını bilmirik. Bəs Rüstəm İbrahimbəyov dövlət başçısı olsaydı Azərbaycanı hansı tərəfə aparacaqdı? Bütün bunlar Milli Şurada toplaşanların nə qədər qeyri-səmimi olduqlarını, şəxsi maraqlarını ümumxalq maraqlarından və maddi mənfəətlərini xalqın rifahının yaxşılaşdırılmasından üstün tutduqlarını göstərir. Belə insanlar sosial tələblərlə mitinq keçirib Azərbaycan xalqının maraqlarını müdafiə edəcəklər? Qətiyyən elə deyil. Sadəcə olaraq özlərinə tərəfdar yığmağa cəhd edirlər. Guya xalqın dərdi ilə maraqlanırlar, onun güzəranının yaxşı olmasını istəyirlər, ona canları yanır. Elə insanlar gərək xalq adından ümumiyyətlə danışmasınlar. Səslərini çıxarmasınlar. Qiymət artımı ilə bağlı dövlətin siyasəti var. Tarif Şurası təhlillər aparıb, qərar verib. Burada iqtisadi tənzimləmədən söhbət gedib. İndi də hansısa məsələlər ortaya çıxsa, dövlət onu tənzimləyəcək.

- Ekspertlər hesab edirlər ki, yanacaq bahalaşandan sonra digər sahələrdə də qiymət artımı olacaq. Ölkədə ciddi bahalaşma ola bilərmi?

- Bu, bir prosesdir, gedir. Aidiyyəti qurumlar bununla məşğul olur. Hesab edirəm ki, dövlət strukturları lazımı izahatları verirlər, hansı sahələrdə qiymət artımı olacağını deyirlər, bunun səbəbini göstərirlər, iqtisadi baxımdan əsaslandırırlar. Nəqliyyat Nazirliyi nəqliyyatda qiymətlərin necə tənzimlənəcəyini, bahalaşma olacağı halda bunun niyə ediləcəyini açıqlayıb. Kənd Təsərrüfatı Nazirliyi bəyan edib ki, texnikanın icarəsi ilə bağlı məsələ həll olunacaq. Kənd təsərrüfatında istifadə olunan yanacağın qiyməti də tənzimlənir.

- Bu izahatlar insanların narazılığının qarısını almaq üçün yetərlidirmi?

- Yetərli olmasa da, nə baş verdiyi haqda məlumat verilir.

- İnsanlar bahalaşmanı necə qarşılayırlar?

- Vətəndaşa deyilsə ki, qiymətlər qalxır, təbii ki, narahat olacaq. Bu, istənilən halda belədir. Amma bahalaşmanın izahatı var. Əvvəla, son illərdə əməkhaqqı, pensiya, sosial müavinətlər artıb. İkincisi, son yeddi ildə qiymətlər qaldırılmayıb, yanacaq eyni qiymətə satılıb. Üçüncüsü, Tarif Şurası yalnız qiyməti bahalaşdırmayıb, rabitə tarifləri ucuzlaşdırılıb. Qiymət artımı islahatların bir hissəsidir və bazarın tələbidir. Azərbaycan daxili bazarını qorumalıdır.

- Qiymət artımından narazılıq sosial partlayış yarada bilərmi?

- Azərbaycanda sosial partlayış ola bilməz. Çünki qiymətlər dəhşətli dərəcədə qaldırılmayıb. Cüzi bahalaşma olub və bu da təsirli bir məsələ deyil. Azərbaycanın dövlət büdcəsi sosial büdcədir, xərclərin böyük hissəsi sosial sahəyə sərf olunur.

- Vətəndaşlar sual verirlər ki, niyə hökumət maaşı, pensiyanı, sosial müavinətləri on faiz artırır, qiymətləri isə otuz faiz. Hakimiyyətin bu suala bir cavabı varmı?

- Son yeddi ildə Tarif Şurası qiymət artımı haqda qərar qəbul etməyib, eyni qiymətlər olub. Bu müddətdə maaş, pensiya, sosial müavinətlər dəfələrlə artıb.