Zərdüşt Əlizadə: “İsa Qəmbər Cəmil Həsənlinin başını yeyəcək”

6 Dekabr 2013 16:28 (UTC+04:00)

"Rüstəm İbrahimbəyovun Milli Şuraya sədr seçilməsi onunla bağlı idi ki, o, gəlib prezidentliyə namizəd kimi iştirak edəcəkdi. O da gələ bilmədi və Milli Şura da məcbur oldu ki, başqa bir namizəd irəli sürsün". Bu fikirləri SİA-ya politoloq Zərdüşt Əlizadə Rüstəm İbrahimbəyovun Milli Şura sədrliyindən uzaqlaşdırılması məsələsinə münasibət bildirərkən deyib.

Onun fikrincə, Rüstəm İbrahimbəyovun sədrlikdən istefası vəziyyətin dəyişdiyindən xəbər verir: "Onun sədrlikdən istefasının bir səbəbi var ki, Rüstəm İbrahimbəyov qurumun işlərində fəal işirak etmirdi. İndi də Cəmil Həsənlini sədr seçiblər. Onu da indidən demək olar ki, Müsavat başqanı İsa Qəmbər Cəmil Həsənlinin başını yeyəcək. Bu da ona görədir ki, İsa Qəmbər özündən başqa heç kimi lider görmür".

Milli Şurada hazırda məhz bu proseslərin getdiyini deyən politoloq qeyd edib ki, qurum heç bir potensiala malik deyil: "Milli Şura hansı resurslara və maliyyəyə malikdir? Milli Şura hansı bəşəri və zəka potensilaına malikdir? Bu gün hansı kütlə onların arxasınca gedir? Bu suallara cavab axtararkən görmək mümkündür ki, Milli Şura Rüstəm İbrahimbəyovun istefasından sonra dönüb müxalif partiyaların yığıncağına. Həmin partiyalar isə sual olunan bu keyfiyyətlərə malik deyil. Lakin hər şeyə rəğmən, onlar elə bax, bu formatda da məşğuliyyətlərini davam etdirəcəklər. Çünki AXCP də Müsavat da partiya oyunçularına çevrilib. Onlar da bu potensiallarına görə orada qalacaqlar. 2015-ci il parlament seçkilərinə qədər onlar belə də davam edəcəklər.Yəni heç nə dəyişilməyəcək".

Ülkər MUSAZADƏ