2667 əcnəbi Azərbaycan qanunvericiliyinin tələblərin pozub

6 Dekabr 2013 15:52 (UTC+04:00)

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən noyabr ayı ərzində görülmüş tədbirlər zamanı 2667 əcnəbi tərəfindən Azərbaycan qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən edilib. DMX-dan SİA-ya verilən məlumata görə, onlardan 10-nun Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 531 nəfərinə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşaması leqallaşdırılıb, 1889 əcnəbinin Azərbaycan ərazisini 48 saat ərzində tərk etməsi, 237 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.

Ümumiyyətlə, ay ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 6479 müraciət daxil olub.

Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 44668 nəfər əcnəbinin müraciəti qeydə alınıb. Bununla yanaşı işəgötürənin ölkə qanunvericiliyinin tələblərini pozmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə Xidmətin müvafiq struktur bölmələrinin əməkdaşları tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 35 sahibkarlıq subyektlərində yoxlamalar aparılıb. Keçirilmiş tədbirlər nəticəsində 20 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin respublika ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin alınması qaydalarının pozulması halları aşkarlanıb.