Fizika İnstitutunun direktoru Fəxri Fərmana layiq görülüb

6 Dekabr 2013 09:44 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib. SİA-nın məlumatına görə, fərman AMEA Rəyasət Heyətinin qərarına əsasən alimə 60 illik yubileyi münasibəti ilə fizika elmi sahəsindəki nailiyyətlərinə görə verilib.

N.Məmmədov 1975-ci ildə Moskva Polad və Xəlitələr İnstitutunu bitirdikdən sonra AMEA Fizika İnstitutunda elmi fəaliyyətə başlayıb. O, 1981-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə edib, 300-dən çox elmi işin və 6 patentin müəllifidir. Onun işlərinin böyük əksəriyyəti yüksək impaktfaktorlu beynəlxalq jurnallarda dərc olunub. Yüksək ixtisaslı kadrların, o cümlədən, Azərbaycanda və Yaponiyada elmlər doktoru və fəlsəfə doktorunun hazırlanmasında alimin əməyi olub. N.Məmmədov 10-dan artıq qrant layihəsinin rəhbəri və icraçısı olub, nəticədə institut elmi-tədqiqat qurğuları ilə təmin olunub, yeni yüksək səviyyəli nəticələr əldə edilib.