Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Yeni Zelandiyanın Baş nazirinin Mərkəzi Asiya ölkələri üzrə xüsusi elçisi və bu ölkənin keçmiş Baş naziri Cim Bolgerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Xələf Xələfov Azərbaycanın Avstraliya və Okeaniya regionu dövlətləri ilə əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edib.
Nazir müavini Azərbaycan-Yeni Zelandiya əlaqələrinin daha da inkişafı üçün qarşılıqlı siyasi iradənin və geniş potensialın olmasının məmnunluq doğurduğunu bildirib və iki ölkə arasında müxtəlif səviyyəli səfərlərin intensivləşdirilməsinin vacibliyini vurğulayıb.
X.Xələfov Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri, enerji siyasəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar, problemin həllinə dair Azərbaycanın ədalətli mövqeyi və regional proseslər barədə nümayəndə heyətinə məlumat verib. O, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə və sivilizasiyalararası dialoqun inkişaf etdirilməsi prosesinə verdiyi əsaslı töhfələrdən də danışıb.
Cim Bolger Azərbaycanda dinamik inkişafın şahidi olduqlarını bildirib, qeyd edib ki, birgə səylərlə ikitərəfli əlaqələrin inkişafı üçün lazımi şərait mövcuddur.
C.Bloger Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi uğurlu təcrübəsinin Yeni Zelandiya üçün maraqlı olduğunu deyib.
Görüşdə iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.