Xələf Xələfov Yeni Zelandiya nümayəndə heyətini qəbul edib

5 Dekabr 2013 17:10 (UTC+04:00)

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Yeni Zelandiyanın Baş nazirinin Mərkəzi Asiya ölkələri üzrə xüsusi elçisi və bu ölkənin keçmiş Baş naziri Cim Bolgerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Xələf Xələfov Azərbaycanın Avstraliya və Okeaniya regionu dövlətləri ilə əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edərək, Yeni Zelandiya ilə əlaqələrin daha da artırılması üçün qarşılıqlı siyasi iradənin və geniş potensialın olmasının məmnunluq doğurduğunu bildirib və bu xüsusda, iki ölkə arasında müxtəlif səviyyəli qarşılıqlı rəsmi səfərlərin intensivləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri, enerji siyasəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar, münaqişənin həllinə dair Azərbaycanın ədalətli mövqeyi və regional proseslər barəsində nümayəndə heyətinə ətraflı məlumat verən Xələf Xələfov, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə və sivilizasiyalararası dialoqun inkişaf etdirilməsi prosesinə verdiyi əsaslı töhfələri vurğulayıb.

Cim Bolger Azərbaycanda sürətli və dinamik inkişafın şahidi olduqlarını qeyd edərək, birgə səylərlə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün bütün lazımı şərtlərin olduğunu bildirib və Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü kimi uğurlu təcrübəsinin Yeni Zelandiya üçün maraqlı olduğunu deyib.

Görüş əsnasında iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.