Millət vəkilləri Putinin Ermənistana səfərini şərh etdilər

4 Dekabr 2013 15:25 (UTC+04:00)

Milli Məclisin üzvləri dekabrın 2-də Rusiyanın prezidenti Vladimir Putinin Ermənistana səfəri və orada müzakirə olunan məsələlərə münasibət bildiriblər. SİA millət vəkillərinin məsələ ilə bağlı fikirlərini təqdim edir:

Millət vəkili Musa Qasımlı: "Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri və orada müzakirə olunan məsələlər birmənalı şəkildə göstərdi ki, Ermənistan müstəqil dövlət deyil. Ermənistan artıq Rusiyanın quberniyası səviyyəsindədir. Ermənistan nəinki xarici, o cümlədən daxili siyasətini belə müəyyənləşdirmək iqtidarında deyil. Ermənistan rəhbərliyi erməni xalqını ağır vəziyyətə saldığından, hər zaman xarici yardımlar axtarışında olub. Ermənistan rəhbərliyi, erməni ictimai-siyasi xadimləri daima qonşu olduqları xalqlarla mehriban şəraitdə yaşamaq əvəzinə xarici güclər axtarışında olublar. Bu da Ermənistanın ağır vəziyyətdə olmasının səbəblərindən biridir".

Millət vəkili Rasim Musabəyov: "Görüşdə Gümrü şəhərinin adının dəyişdirilməsi ilə bağlı səsləndirilən fikirlər cəfəngiyyatdan başqa bir şey deyil, çünki heç kim həmin şəhərin adını dəyişdirə bilməz. Bu səfər Ukraynaya mesaj idi. Ermənistan hazırda Gömrük İttifaqına qoşulmaq ərəfəsindədir. Orada qazın tariflərinin aşağı salınması, neft və neft məhsullarının Rusiyanın ixrac vergisindən azad olması o deməkdir ki, Ermənistan bütün məhsulları ucuz qiymətə alacaq. Rusiya bu hərəkəti ilə Ukraynaya mesaj verir ki, siz də Gömrük İttifaqına qoşulsanız xoşbəxt ölkə ola bilərsiniz. Rusiya əslində silahı Ermənistana müftə qiymətə verir. 100 faiz qazın və neftin satışı Rusiyanın monopoliyasına keçir. Bu isə Ermənistanda yaşayan iş adamlarının kefini pozmuş oldu. Çünki onlar xarici ölkələrdən benzin gətirib sata bilirdilər. İndi isə ucuz qiymətlə neft satıldığından onlar müflis olacaqlar".

Millət vəkili Fazil Mustafa: "Görüşdə Gümrü şəhərinin adının dəyişdirilməsi ilə bağlı fikirlər Azərbaycanın maraqlarını təhdid edən məsələdir. Rusiya Ermənistana açıq şəkildə dəstək verməklə göstərdi ki, Dağlıq Qarabağ məsələsində Ermənistan tərəfindən vuruşmağa niyyətlidir. Buna görə də biz bütün planlarımızı Rusiyanın düşmənçiliyi və Azərbaycana qarşı atacağı addımlar üzərində qurmalıyıq. Rusiyanın Ermənistana hərbi texnikanı ucuz qiymətə satması Azərbaycana verilən mesajdır ki, ruslar daima ermənilərin yanındadır".