Müsavat Partiyası “Xalq Arzusu” hərəkatı ilə anlaşmaya gedə bilər

4 Dekabr 2013 13:06 (UTC+04:00)

Milli Şuranın dekabrın 3-də keçirilən sessiyasında yaşanan qalmaqallar Müsavat Partiyasının kəskin reaksiyasına səbəb olub. Partiya Mərkəzi Aparatının rəhbəri Arif Hacılı SİA-ya verdiyi eksklüziv açıqlamasında məsələ ilə bağlı onu bildirdi ki, Milli Şurada təmsil olunan bəzi adamların diskussiya mədəniyyəti yoxdur: "Dünən Milli Şurada baş verən hadisələrlə bağlı onu deyə bilərəm ki, bəzi adamların elementar diskusiya mədəniyyətləri yoxdur və Milli Şura üzvü olmaqlarına baxmayaraq davranış qaydalarına əməl etmirlər".

Müsavat Partiyası rəsmisi eyni zamanda Rüstəm İbrahimbəyovun qurumun "fəxri sədri" seçilməsinə qarşı etirazçı fikirlərinin dəyişmədiyini və sözlərinin üzərində dayanacaqlarını da deyib: "Biz hesab edirik ki, indiki siyasi ictimaiyyətdə Milli Şuranın həmsədrlərinin olması məqsədə uyğun deyil, eyni zamanda Rüstəm İbrahimbəyovun özünün fəaliyyət imkanları onun Milli Şuranın sədri, həmsədri, "fəxri sədri" olmasına imkan vermir".

Qeyd edək ki, müxalifət kuluarlarında Müsavat Partiyasının hər an Milli Şuradan istefa verəcəyi və qurumda təmsil olunmayan siyasi təşkilatlarla, xüsusilə AXCP-nin sabiq sədr müavini, Milli Şuranın Mitinq Komitəsinin keçmiş rəhbəri, yeni yaradılmış "Xalq Arzusu" hərəkatının sədri Asəf Quliyevlə əməkdaşlıq edəcəyi barədə fikirlər səsləndirilməkdədir. Arif Hacıyev bununla bağlı suala aydınlıq gətirməkdən imtina etsə də həmin fikirləri istisna da etmədi.

İntizarə MƏMMƏDOVA