Serj Sarkisyan Ermənistanın müstəqil dövlət olmadığını bir daha sübut etdi

3 Dekabr 2013 16:37 (UTC+04:00)

"Qərb Ermənistana inanır və ona dəstək verməyə hazırdır. Ermənistan Aİ-lə assosiativ müqaviləni imzalamaqdan imtina etmədi. S.Sərkisyanın Aİ-nin Vilnüs sammitində iştirakı, verdiyi bəyanatlar, davranış manerası, eləcə də Aİ-lə Ermənistan arasında imzalanmış birgə bəyannamə bunu sübut edir. Ermənistan özünü Avropa ilə eyni dəyər sistemində hesab edir və məqsədi bu dəyərlər əsasında Avropa tipli dövlət qurmaqdır. Dolayısıyla Ermənistan prezidenti etiraf edir ki. Ermənistan dövlət kimi hələ formalaşmayıb". SİA-nın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq bildirib ki, S.Sərkisyanın bu mövqeyi də V.Putinin Ermənistana səfərinə hesablanıb: "Ermənistan indi arzuladığı erməni siyasətinə nail olub. Bu siyasətin nə qədər davam edəcəyini heç kəs deyə bilməz. Lakin fakt odur ki, Qərb Ermənistana inanıb, ona dəstək verməyə hazırdır. Qərbin Ermənistana dəstək verməyə hazırlığı iki məsələdə aydın görünür. Birincisi, Vilnüs sammiti Qarabağ tənzimlənməsinə yalnız formal münasibət bildirdi. Belə vəziyyət Ermənistanın xeyrinədir. Ermənistan Dağlıq Qarabağ tənzimlənməsinə razılıq verməyəcək, çünki onu narahat edən faktor yoxdur. İkincisi, Qərb Ermənistana pul verməyə başlayıb. Dünya Bankı dörd il müddətinə Ermənistana 843 milyon dollar kredit ayırdı. ABŞ Vorotan Kaskada 180 milyon dollar pul verir. Aİ və onun qurumları 100 milyon avro vəsait ayırdılar. ABŞ "Minilliyin Çağırışı" proqramından qalan 150-160 milyon dollar pulu yenidən Ermənistana vermək niyyətindədir. BMT Ermənistanın ərzaqla təminatı üçün 459 min dollar pul ayırdı".

M.Əhmədoğlu deyib ki, ABŞ və Aİ-nin aparıcı dövlətləri Ermənistanda paralel iqtisadiyyat yaratmaq kursu götürüblər: "Bütün bunların əvəzində Ermənistan antirusiyaçılıq siyasətini kəskinləşdirməlidir. Ermənistan prezidenti S.Sərkisyan bu siyasətə çoxdan hazırdır. Yaxın vaxtlarda ermənilərin ruslara nifrəti türklərə olan nifrəti ilə müqayisə oluna biləcək. Bəzi erməni ekspertlərinin fikrincə, Ermənistan Rusiya üçün qorxulu dövlətə çevrilir və Rusiyanın Ermənistandan qorxmasına əsaslar var.Ermənilər SSRİ-nin Dağlıq Qarabağdan və Ermənistandan başladığını yada saldılar.Yalnız Rusiya Ermənistanı tərkibinə qatmaqla kompleks tədbirlər reallaşdırmaqla onun antirusiyaçılığını neytrallaşdıra bilər".

Mətbuat konfransı zamanı M.Əhmədoğlu Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandiri, polkovnik A.Ruzinskinin antiazərbaycan bəyanatına toxunaraq bildirib ki, bu bəyanat ən azı dörd dəfə təkzib olub: "Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Dağlıq Qarabağda ehtimali müharibə zamanı Ermənistanın Rusiya hərbçilərinin iştirakına ehtiyac olmadığını bildirdi. Müdafiə naziri S.Ohanyan Rusiya hərbçilərinə ehtiyaclarının olmadığını, Ermənistanın Dağlıq Qarabağın təhlükəsizliyinin qarantı olduğunu, Ermənistan və Dağlıq Qarabağın Azərbaycana cavab verə, hətta hücuma keçə biləcəyini bildirdi. Bu həmin S.Ohanyandır ki, qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində hərbi intensivlik yaranan kimi Rusiya və KTMT-nin Ermənistana necə kömək edəcəkləri barədə mühazirə oxuyardı".

Politoloq deyib ki, bu bəyanatlar Ermənistanın KTMT üzvlüyündən gözləntisinə və davranış manerasına daban-dabana ziddir: "Ermənilər həmişə Azərbaycanı Rusiya hərbisilə qorxudublar. Ona görə Ermənistan hərbçilərinin bu istiqamətdə verdiyi bəyanatları Rusiyanın Ruzinskinin bəyanatı ilə əlaqəli Ermənistana etdiyi təzyiqlərin nəticəsi hesab etmək olar. RF müdafiə naziri S.Şoyqu Azərbaycanın müdafiə naziri Z.Həsənovla Moskvada görüşərkən Ruzinskinin bəyanatını jurnalistin səhvi adlandırdı. Ermənilər S.Şoyqunun bu bəyanatını Ruzinskinin bəyanatının təkzibi kimi təqdim etdilər".