Millət vəkilləri qiymət artımına etiraz etdilər

3 Dekabr 2013 12:42 (UTC+04:00)

Milli Məclisin bugünkü iclasında deputatlar Tarif Şurasının yanacaq məhsularının qiymətini artırmasına öz narazılıqlarının bildiriblər. SİA-nın məlumatına görə, iclasda çıxış edən millət vəkili İqbal Ağazadə bu qərarı kəskin tənqiq edib.

O bildirib ki, Tarif Şurasının qiymətləri artırmasına əsas yoxdur: "Buna nə əsas var idi? Tarif Şurası bu qərarı izah etməli idi. Sabah ərzaq məhsularının qiyməti qalxacaq. Yanvarda qiymətlər 30 faiz qalxacaqsa, sentyabrdan 90 faiz qalxacaq. Bu artım daxili qiymətlərə təsir edəcək".

Millət vəkili Fazil Mustafa da qiymət artımı ilə bağlı narazılığını bildirib. O bununla bağlı cəmiyyətdə stress yaranacağını deyib: "Stressin azalması üçün qiymət artımının səbəbi izah olunmalıdır. Mən bunu düzgün hesab etmirəm".

Digər millət vəkili Zahid Oruc isə yanacağın qiymətinin qalxması ilə bağlı hökuməti izahat işi aparmağa çağırıb. Onun sözlərinə görə, bazar iqtisadiyyatı şəraitində qiymət artımı qəfil və gözlənilməzdir: "Əgər artım yanvarda elan olunsaydı, bunun nəticələrin təsəvvür etmək çətin olardı. Hökumət hesab edir ki, əhalinin orta təbəqəsindən yuxarı təbəqə yaranıb ki, bu qiymətləri ödəyə bilər".

O bildirib ki, aztəminatlı ailələrin vəziyyətini nəzərə almaq siyasi möhtəkirliyə yol verməmək üçün bu məsələ ilə bağlı izahlar verilməlidir. "Bir məhsulun qiymətinin qalxması digərlərinin də artmasına təsir göstərəcək".

Millət vəkili Siyavuş Novruzov isə çıxışına Vilnüs sammitindən başlayıb: "Bu, uğurdur. Bu, balans siyasətinin bariz nümunəsidir. Azərbaycan bütün qurumlarla əməkdaşlığını davam etdirir. Azərbaycan bir daha göstərdi ki, bu ölkəyə heç kim diktə edə bilməz".

O, qiymət artımı ilə bağlı F.Mustafanın söylədiklərinə də cavab verib: "Qiymət artımı haqda danışıldı. Sanki Azərbaycan hökuməti Fazil Mustafa qədər bu xalq haqda düşünmür, təhlil aparmır. Əlbəttə, analizlər, təhlillər aparılır. Nazir və müavinləri komitənin iclaslarında da bu haqda danışdı. Rabitə qiymətləri aşağı düşdü. Bundan qabaq prezidentin əməkhaqqı və təqaüdlərin artırılması haqda sərəncamı çıxıb. Yəni bunlar tənzimlənir. Bu yaxınlarda kənd təsərrüfatı sahəsi vergidən azad edildi. Neft gəlirlərindən xeyirli istifadə edilir. Hesab edirəm ki, Fazil Mustafa da neftdən gələn gəlirlərdən yaxşı istifadə edir..."