Endi Koul "Bakcell Arena"da uşaqlarla görüşəcək

2 Dekabr 2013 16:52 (UTC+04:00)

Qarşıdan gələn yeni il münasibətilə "Bakcell" şirkəti "Futbol Bakcell ilə" layihəsinin iştirakçısı olan uşaqlarla görüşmək üçün İngiltərənin "Mançester Yunayted" klubunun sabiq futbolçusu Endi Koulu Bakıya dəvət edib. Siasport.az saytının məlumatına görə, futbolçu ilə uşaqların görüşü dekabrın 3-də, saat 15:00-da, "Bakcell Arena"da təşkil olunacaq. Tədbirdə həmçinin Azərbaycan milli komandasının və "Bakı" futbol klubunun qapıçısı Kamran Ağayev iştirak edəcək.

Görüşdən sonra jurnalistlər üçün brifinq keçiriləcək.

Bu il mayın 1-də start götürmüş "Futbol Bakcell ilə" layihəsi çərçivəsində Bakı şəhərindəki 6, Sumqayıt və Gəncə şəhərlərinin isə hərəsində 2 meydançada AFFA-nın təyin etdiyi məşqçilərin rəhbərli altında uşaqlar mütəmadi qaydada məşq edirlər.

Qeyd edək ki, Endryu Aleksandr Koul 1971-ci ildə İngiltərənin Nottinqem şəhərində anadan olub. Ampluaca hücumçu olan Endi Koul "Arsenal", "Fulhem", "Bristol Siti", "Nyukasl Yunayted", "Blekbern Rovers", "Mançester Yunayted", "Portsmut", "Mançester Siti", "Birmingem", "Sanderlend", "Bernli", "Nottinqem Forest" klublarında, həmçinin İngiltərə milli komandasında çıxış edib.