Keçmiş Sovet ölkələrini Gömrük İttifaqına üzv olmağa sövq etmək Rusiyanın qarşısına qoyduğu prinsipial məsələdir. Ermənistan Aİ-dən imtina edərək, erməni icmasının etirazlarına baxmayaraq Gömrük İttifaqına üzv oldu. Ukrayna da noyabr ayının 29-da keçirilən Vilnus görüşündə eyni olmasa da Ermənistana oxşar addım atdı. Belə ki, Ukrayna Avropa İttifaqından imtina etdi. Yalnız hələ ki, Gömrük İttifaqına üzv olması qərarı da məlum deyil.
Beləliklə, Ukraynanın gözlənilməz anda Avropa İttifaqından üz döndərməsi hələ ki, müəmmalı məsələ olaraq qalır. Lakin Vilnus görüşündə Ukraynanın razılığını almaq niyyətində olan Avropa İttifaqı Ukraynaya nə az, nə çox düz 635 milyon dollar məbləğində vəsait təklif etmişdi. Ukrayna prezidenti Viktor Yanikoviç isə bunu Ukrayna dövlətinə təhqir adlandırmışdı. Çox güman ki, Rusiya Ukraynaya Aİ-yə üzvlükdən imtina etməsi üçün daha çox vədlər etmişdi. Viktor Yanikoviç də böyük ehtimalla ona təklif olunan şansları Ukraynanın maraqları daxilində dəyərləndirmək istəyi ilə ölkədaxili böyük etirazlara baxmayaraq Rusiyanın "böyük təklifi"ni qəbul etdi. Görəsən o "böyük təklif" nədən ibarət idi ki, Ukrayna dövlət başçısı Brüssel və ABŞ-ın təklifindən imtina edərək Ukraynada sözün əsl mənasında xaos yaratmağı gözə aldı?
Vilnus görüşündən dərhal sonra Rusiya verdiyi sözləri reallaşdırmağa başlaması ilə öz qalibiyyət kartlarını açıqlamış oldu. İlk növbədə, Ukraynanın bütün borclarının bağışlayaraq, 15 milyard maddi vəsait ayırdı. Eyni zamanda, "Naftoqaz Ukrayna" şirkəti öz yeraltı anbarlarından qaz götürülməsini dayandıraraq Rusiya qazının alınmasını bərpa etdi. Bununla yanaşı, Rusiya Ukraynaya Aİ-dən imtina etdiyinə görə ölkədaxili münaqişədə ilk çağırışa yardım əlini uzatmaq imkanı da təklif etmiş oldu. Bu da Rusiyanın sonuncu kartının nümayişi idi. Ukrayna, görünür Rusiyanın verdiyi vədlərin müqabilində sadəcə Aİ-dən imtina etdi.
ABŞ və Brüssel isə Ukraynanın bu siyasi gedişini dəyərləndirərək mart ayında Ukraynaya Rusiyasayağı təkliflər edə və Ukraynanın Aİ-yə assosiativ üzv olmasına nail ola bilər. Bu da ABŞ-ın istədiyi kimi rəsmi Moskvanın keçmiş sovet ölkələrini bir araya toplamaq xəyallarını suya düşürmüş olar.
Ülkər MUSAZADƏ