Politoloq: “Rusiya istəsə, Sarkisyanı hərbi yolla devirər”

2 Dekabr 2013 12:22 (UTC+04:00)

"Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri nəinki Gümrüdən başlayacaq, ümumiyyətlə zamanının böyük hissəsini Gümrüdə keçirəcək. Ermənistan paytaxtında Serj Sarkisyanla görüşdə və onun şərəfinə veriləcək ziyafətdə iştirak edəcək. Hesab edirəm ki, Rusiya prezidentinin səfər marşurutunu belə təyin etməsi təsadüfi deyil". Bu fikirləri SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar mərkəzinin sədri Mübariz Əhmədoğlu Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfərinin paytaxt İrəvandan deyil, Gümrüdən başlamasına dair məlumatları şərh edərkən deyib.

Politoloq Putinin Ermənistana səfərini Gümrüdən başlamasını dünyaya verilən yeni mesaj olaraq qiymətləndirib: "Vladimir Putin bütün dünyaya mesaj vermək istəyir ki, Rusiyanın Ermənistanda hərbi bazası var və bu baza hər şeyi etməyə qadirdir. Ona görə də heç kəs ümid etməsin ki, Ermənistana bel bağlamaq olar. Bu onu göstərir ki, Ermənistan nə Avropaya, nə də ABŞ-a doğru gedə bilər. Rusiya prezidentinin səfəri Avropa İttifaqı və ABŞ-a bir növ mesajdır ki, Ermənistan Rusiyanındır, hətta lazım gələrsə, Serj Sarkisyan hərbi yolla devrilə bilər".

M. Əhmədoğlu deyib ki, Putin Gümrüdəki hərbi bazaya gəlməklə Ermənistanın daxilinə də mesaj vermiş olur: "Putinin birbaşa Gümrüyə gəlməsi onu sübut edir ki, Rusiya üçün Gümrü Ermənistandan daha vacibdir. Eyni zamanda Rusiya prezidenti bu addımı ilə Ermənistanın ikibaşlı siyasətinə reaksiya vermiş olur".