Təxəyyül, yaxud, "uca təfəkkür" yalnız ümid etməkdən irəli gələn hal deyil. Ümumiyyətlə, insanlığa aid olan bu kimi meyarlara sahib olmaq üçün quruca insan olmaq kifayət etmir. Bunun üçün, gərək insan şüurunda formalaşmış reallığa, gerçəkliyə dəyər verməyə də güc tapasan. Ancaq məsələ bundadır ki, hər bir şüurlu insanda həmin formalaşmanı hiss edən "xromosomlar" inkişaf etsin. Fəqət, çox təəssüf ki, bəziləri, xüsusilə də, "lider" zəhərlənmələrinə düçar olan bəzi həmkarlar onlarda mövcud olan bu "xromosomları" hiss etmək qabiliyyətində, ya da gücündə deyillər. Məsələn, "Azadlıq"da yazanların çox qismi hələ də "kəndi" daxillərində səslənən fikirləri deyil, "liderləri" tərəfindən zəhərlənən təxəyyüllər sayəsində qabiliyyətlərini qurban vermək məcburiyyətində qalıblar.
Açığı deyim, belələrindən biri də çanderqraund yazıları ilə mətbuata sızan Seymur Həzidir. O Seymur Həzi ki, Qan Turalı, Natiq Güləhmədoğlu, eləcə də digər müxalifətyönlü köşə yazarlarına qənim kəsilib. O Seymur Həzi ki, mediada özündən başqa kimsəni "köşə yazarı" hesab etməyərək, "ağıllı", "gələcəyi görən" kimi görməyə, hətta gördürməyə cəhd edir.
Gələcək demişkən... Bu binəva "köşə yazarı" elə sanır ki, "kitab yazmaqla" qabağa gedib və onun "qabağa getməsi" arxasında hər kəs onu "qəbul etməlidir". GÜLÜNCDÜR!
Gülüncdür ona görə ki, mənəviyyatdan, namus və qeyrətdən, ləyaqət və vicdandan "yazan" Seymur Həzi zamanı çatanda gözünü açıb görəcək ki, Əli Kərimli kimi ucuz bir "şəxsiyyətin" yanında mum kimi əriyib, son şöləsini saçır. Maraqlıdır, onda Əli "bəy" Seymura bir az da yanmağı üçün borca mum qatacaqmı?
ZAMAN GÖSTƏRƏCƏK!
Hanı Aqşin Yenisey? Hanı "Azadlıq"da cövlan edən Mirzə Sakit? Hanı...
Yoxdurlar... Bilirsinizmi niyə? Ona görə ki, yox olanın yanında olmağı özü elə yoxluq deməkdir.
Seymur Həzi kimlərinsə xoşuna gedib, gecə bir-iki qullab nəşələnməkdən ötrü "gələcəyi" görməyə çalışıb. Sən demə, 2016-cı ildə kimlərsə-kimlərəsə suallar edib peşman olduqlarını etiraf edəcəklərmiş. Daha dəqiq desəm, 20 ildir ki, bu gün-sabah hakimiyyətə gəlirik deyənlər, indi də pənahlarını Seymur Həzinin sərsəm yazılarında axtarmaqla özlərinə ürək-dirək verirlər. Bir "nəşəyə"! İnanın ki, bu belədir və belə olaraq düz onilliklər boyu da DAVAM EDƏCƏK!
"Azadlıq" yalnız AXCP-yə məxsus iddialardan doğan məfkurə deyil. Azadlıq bu gündür, azadlıq bu günümüzün sabahıdır, azadlıq gələcəyimizin bu günün hesabına qazandığı varlığı, reallığıdır. Xalqımızın, millətimizin azadlığı heç də Əli Kərimlinin QUL YAZARLARININ "Azadlıq"dakı yazdıqları yazılardan ibarət söz yığnağı deyil.
Seymur Həzi isə yaxşı olardı ki, getsin Azər Əhmədov adlı qardaşlığının "qeyrətini" araşdırıb azad fikir ortaya qoysun. Həm də izah etsin ki, nəyə görə məhz Əli Kərimlinin əlinin altından belə "azadlıqsevərlər" çıxır? Axı Seymur Həzinin özü də "Azadlıq"dadır...
Rövşən NURƏDDİNOĞLU