Abbas Əraqçı: “Cenevrə razılaşmasına görə İran neftin satışından əldə etdiyi gəlirin 15 milyard dollarına sahib olacaq”

1 Dekabr 2013 16:44 (UTC+04:00)

"İranla "5+1" ölkələri arasında nüvə məsələsinə dair əldə olunmuş razılaşma dekabr ayının sonu və yanvar ayının əvvəllərində qüvvəyə minəcək".

SİA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bu haqda İranın xarici işlər nazirinin beynəlxalq hüquq məsələləri üzrə müavini və baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı bildirib.

Onun sözlərinə görə, İran nüvə razılaşması çərçivəsində neftin satışından əldə etdiyi gəlirin 15 milyard dollar məbləğində hissəsinə sahib olacaq: "Bunun 10 milyard dolları qida məhsulları və dərman alınmasına sərf ediləcək".

Eyni zamanda A.Əraqçı Avropa Birliyinin İranın 17 şirkətinə sanksiya tətbiq etməsini Cenevrə razılaşmasına zidd adlandırıb.

Nazir müavini həmçinin vurğulayıb ki, uranın zənginləşdirilməsi İranın "qırmızı xətti" kimi qalmaqda davam edəcək: "Uranın zənginləşdirilməsi İranın qanuni haqqıdır və nüvə silahının istehsalı və təchizatının qarşısının alınması müqaviləsinə görə, buna hörmətlə yanaşmalıdırlar".