Vüqar Həşimov: "Gələn il qayıdıram" MÜSAHİBƏ

30 Noyabr 2013 12:18 (UTC+04:00)

Siasport.az saytı milli komandamızın aparıcı şahmatçısı Vüqar Həşimovun Azerisport.az saytına müsahibəsini təqdim edir:

- Müalicəniz necə gedir?

- Hər şey qaydasındadır. Şükür Allaha, səhhətim gündən-günə yaxşılaşır. Müalicəm, hələ ilin sonunadək davam edəcək.

- Bildiyimizə görə, Almaniyadasınız. Qərbi Avropa ölkəsində tibbin səviyyəsindən hamı razıdı...

- Bəli, hazırda Almaniyanın Haydelberq şəhərindəyəm. Sözsüz, mən də belə hesab edirəm. Burada tibb elmi yüksəkdir. Əminliklə söyləyə bilərəm ki, reablitasiyam yaxşı keçir.

- Vətənə nə zaman dönməyi nəzərdə tutmusunuz?

- İnşAllah, gələn il.

- Şahmat məşqlərini nə vaxt bərpa etmək imkanınız olacaq?

- Düzü, şahmat oynamağımda heç bir maneə yoxdur. Almaniyalı həkimlər deyirlər ki, nə vaxt istəsəm, başlaya bilərəm.

- Bu ay Polşanın paytaxtı Varşavada keçirilmiş komandalar arasında Avropa çempionatında millimiz 2-ci dəfə qalib adını qazandı. Amma bu dəfə sizsiz. Komanda yoldaşlarınız həmin uğurda mənən onlarla bir yerdə olduğunuzu, qələbəni sizə həsr etdiklərini qeyd etdilər. Yəqin, bu sözlərdən təsirlənmişdiniz...

- Burada gündəlik olaraq ölkə KİV-ni izləyirəm. Əlbəttə, hər şeydən xəbərim vardı. Həmkarlarım sağ olsunlar, çempion olanda məni unutmadılar. Bu sözlər gücümü, səhhətimdə irəliləyişi daha da artırdı. Vətənim üçün darıxıram. Orada hamını bağrıma basıram. Tezliklə, görüşənədək.