"1993-cü ildə Ulu öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkənin xarici siyasətində çox önəmli dəyişikliklər baş verdi. Beləliklə də, Azərbaycanın xarici siyasət konsepsiyası hazırlandı. Həmin konsepsiyanın isə başlıca meyarı balanslaşdırılmış xarici siyasət xətti idi". Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, o dövrə qədər Azərbaycanın MDB dövlətləri və digər dövlətlərlə ardıcıl siyasi xətti yox idi: "Bu gün isə məhz balanslaşdırılmış xarici siyasət Azərbaycanı dünyada tolerant və demokratik ölkə kimi tanıtmaqdadır. Bu birbaşa Prezident İlham Əliyevin daha modern formada yürütdüyü siyasi kursun uğurudur. Balanslaşdırılmış xarici siyasətin əsas meyarı dövlətçilik və milli maraqlara xidmətdən ibarətdir".