Eyni zamanda Azərbaycan Liberal Partiyasının (ALP) keçmiş sədri Lalə Şövkət Hacıyeva da ALP-nin rəhbərliyindən gedib və liberallar onu qurultayda ALP-nın "lideri" adına layiq görüblər.
Təəssüflər olsun ki, bəzi partiya rəhbərləri sədrlikdən getməklə bağlı nəinki addım atmırlar, heç bu barədə düşünmürlər də. Məsələn 1992-ci ildə, 21 il bundan öncə yaradılan Müsavat partiyasının başqanı hələ də İsa Qəmbərdir. O artıq 3-cü onillikdir ki, partiyasına rəhbərlik edir. Yaşı 60-a çatmasına baxmayaraq, partiya sədrliyindən getmək istəmir. Onu da qeyd edək ki, Müsavatın qurultayının vaxtı artıq iki ildir ki, yubanır. Partiya hələ 2011-ci ildə qurultay keçirməli idi. Lakin Müsavat rəhbəri müxtəlif bəhanələrlə qurultayın keçirilməsini yubadır. Ona görə ki, partiyanın nizamnaməsinə uyğun olaraq qurultayda Müsavata yeni sədr seçilməlidir. İ.Qəmbər isə sədrlikdən getmək niyyətində olmadığını bu gün də sərgiləməkdədir.
Artıq illərdir partiyaya sədrlik edən, rəhbərlikdən ikiəlli yapışan siyasətçilərdən biri də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlidir. Belə ki, 1999-2001-cil illərdə "Yurd" qruplaşmasının başında dayanan Ə.Kərimli Əbülfəz Elçibəyin müəmmalı vəfatından sonra "cəbhənin" sədri vəzifəsini ələ alır. Artıq 12 ildən çoxdur ki, Ə.Kərimli AXCP-yə sədrlik edir və belə görünür ki, hələ o, bundan sonra da sədrlikdə qalmaq niyyətindədir.
Bu gün Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMP) sədri Hacıbaba Əzimov, KXCP sədri Mirmahmud Mirəlioğlu, VHP sədri Sabir Rüstəmxanlı, "Ədalət" partiyasının sədri İlyas İsmayılov, "Ümid" sədri İqbal Ağazadə və digərləri də yaratdıqları partiyaların rəhbərlikləri vəzifəsində qalmaqda davam edirlər. Onlar bu gedişlə yeni qurultay keçirərək rəhbərlik etdikləri təşkilata sədr seçmək, gənclərə yol vermək niyyətində olmadıqlarını məhz bu addımları ilə sübut etmiş olurlar.
Bu şəxslər siyasi rəqiblərini, eləcə də, bəzi vəzifəli şəxsləri, tutduqları postdan getməməkdə ittiham etsələr də, özləri yaratdıqları partiyada sanki ömürlük rəhbər postunun səlahiyyətlərini icra edirlər. Bütün bunlar isə gənclərin həmin partiyalara axınının, həmçinin, bu partiyalara olan ictimai inamın qarşısını alır. Gənc kadrlar belə düşünürlər ki, bu şəxslər hər zaman öz vəzifə səlahiyyətlərini icra edəcəklər. Əgər onlar bu partiyalara üzv yazılsalar, elə üzv olaraq da qalacaqlar.
İctimaiyyət isə onların hansı məqsədlərə görə sədrlik postlarından getmədiklərini yaxşı bilir. Cəmiyyət bilir ki, onlar siyasi maraq kontekstindən deyil, məhz şəxsi və maddi maraq çərçivəsindən çıxış edirlər. Qrant və maddi gəlir onların öz postlarından ikiəlli yapışmalarına olan danılmaz sübutdur. Buna isə demokratik düşərgə, ya da demokratik siyasi mübarizə adını vermək mümkün deyil.