Noyabrın 21-də keçən əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən və Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü qeyd olunacaq. YAP Azərbaycan cəmiyyətinin həm siyasi, həm iqtisadi, həm sosial, həm də mədəni həyatında uğurlu layihələrilə, həmçinin, bu gün Prezident İlham Əliyevin sosial-iqtisadi, siyasi və digər istiqamətli işlərində cəmiyyətin səfərbər edilməsində əhəmiyyətli, həmçinin, ölkəmizin ictimai-siyasi həyatında həlledici rol oynayır. 21 ildir ki, iqtidarda olan partiya qərarları və fəaliyyəti ölkəmizin uğurlu inkişafına güclü təsir göstərir. Bu mənada, Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır.
YAP zamanın tələbindən yarandı
Qeyd edək ki, belə bir siyasi qüvvənin yaranmasını tələb edən tarixi zərurət mövcud zaman kəsiyində ölkəmizin düşdüyü mürəkkəb, fəlakətli, ümidsiz vəziyyətdən onu xilas etmək kimi misilsiz tarixi vəzifənin yerinə yetirilməsi arzusu və istəyi ilə əlaqədar idi. Çünki ötən əsrin 90-cı illərinin əvvəllərində xalqımız tamamilə yeni situasiya ilə baş-başa qalmışdı. Daha doğrusu, keçmiş SSRİ-nin süqut etməsi nəticəsində müttəfiq respublikalar kimi Azərbaycan da, özünün dövlət müstəqilliyinə qovuşmuş və beləliklə, xalqımız müstəqilliyini bərpa etmək imkanı qazanmışdı. Amma 1990-cı illərin məlum hadisələri, həmçinin, ortaya çıxan situasiyanın yetərincə dəyərləndirilməməsi nəticəsində Azərbaycanın müstəqil dövlətçilik ənənəsinin bərpa edilməsi və möhkəmləndirilməsi istiqamətində addımların atılması mümkün olmamışdı.
Bəhs edilən dövrdə keçmiş imperiyanın süqutu nəticəsində yeni siyasi münasibətlər ortaya çıxmışdı. Belə ki, sovetlərin mövcud olduğu illərdə formalaşmış təkpartiyalı sistem tədricən öz yerini Qərbdə demokratiyanın əsas amillərindən sayılan çoxpartiyalı sistemə, siyasi plüralizmə verməyə başlamışdı. Lakin həmin vaxt siyasi səhnənin hər iki qütbünü təmsil edən qüvvələr yeni dövrün tələblərinə cavab vermək iqtidarında olmamışdı. İqtisadi, siyasi, xüsusilə, dövlət hakimiyyəti böhranı, həmin illərdə rəhbərliyə gətirilən səriştəsiz, imperiya ağaları qarşısında əyilən, milli maraqlarımızdan xəbərsiz olan dairələrin gündən-günə güclənən erməni təcavüzünün qarşısını almaq, ordu yaratmaq, xalqı səfərbər etmək, vətənin təhlükəsizliyini və əhalinin rifahını təmin etmək əvəzinə öz hakimiyyətləri hayına qalmaları ölkəmizdə vəziyyəti daha da gərginləşdirmişdi. Azərbaycanın iqtisadiyyatı bərbad hala salınmış, onilliklər ərzində yaradılmış iqtisadi potensial dağıdılmış, respublika faktiki olaraq iqtisadi iflas vəziyyətinə gəlib çıxmışdı. Ölkəni bürüyən total böhran AXC-Müsavat liderlərinin bacarıqsızlığı, səriştəsizliyi, naşılığı ucbatından daha da dərinləşmişdi. Populist şüarlarla hakimiyyətə gələn bu naşılar bir illik iqtidarları dövründə Azərbaycanı olduqca ağır, fəlakətli, anarxiya vəziyyətinə düşürmüşdülər.
Ona görə də, yaranmış tarixi şəraitdə milli dövlət quruculuğunun üzləşdiyi spesifik xüsusiyyətlər və tarixi şərtlər ortaya bir sıra nüansları çıxarmışdı. Yəni, Azərbaycanın milli və dövlət müstəqilliyinin başının üstünü almış təhlükədən xilas etmək, Azərbaycanda milli dövlət quruculuğu istiqamətində səmərəli və sistemli şəkildə addımlar atmaq, layihələr həyata keçirmək, bu yöndə müvafiq siyasət reallaşdırmaq, ölkəmizin iqtisadiyyatını və həyatın digər sahələrini möhkəmləndirmək zəminində dövlətçilik ənənələrini formalaşdırıb inkişaf etdirmək üçün güclü liderə və həmin liderin rəhbərlik etdiyi güclü siyasi təşkilata ehtiyac vardı. Belə lider və siyasi təşkilat 1992-ci il noyabrın 21-də gündəmə gəldi. Həmin vaxt Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis edilmiş və Ulu Öndərimiz Heydər Əliyev partiyanın Sədri seçilmişdi. YAP-ın yaranması, Ümummilli Lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi isə respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da ağırlaşmasından irəli gələn zəruri tarixi hadisə olmuşdu. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına törətdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanların əzm və iradəsini qıra bilməmişdi. Çünki bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını duyur və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər.
Həmin dövrü xatırlayan Prezident İlham Əliyev bildirib ki, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisə idi. Çünki hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçib: "O vaxtkı iqtidar ölkəni uçuruma aparırdı. Səriştəsiz, bacarıqsız, biliksiz insanlar demək olar ki, Azərbaycanın dövlət müstəqilliyinə böyük zərbə vurmuşlar. Ona görə də Heydər Əliyevin ətrafında birləşən insanlar, ilk növbədə, çox böyük cəsarət göstərmişdilər. Çünki o vaxtkı iqtidar imkan vermədi ki, hətta partiyanın təsis qurultayı Bakıda keçirilsin. Digər tərəfdən, onlarda olan vətən sevgisi onların bu hərəkətlərini şərtləndirdi. Heydər Əliyevin 1970-ci, 1980-ci illərdə də gördüyü işlər, Azərbaycanın inkişafına verdiyi töhfələr və Sovet İttifaqının dağılma ərəfəsindəki fəaliyyəti, cəsarətli addımlar, qanlı 20 Yanvar faciəsinin pislənməsi, Kommunist Partiyası sıralarının tərk edilməsi, Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi təsis edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi, Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməməsi - bütün bu amillər, əlbəttə ki, xalqda Heydər Əliyevə olan məhəbbəti birə on artırırdı. 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması xalqda böyük ümidlər yaratdı ki, nəhayət, xoşagəlməz hallara son qoyulacaq, nəhayət, Azərbaycanda çox ciddi siyasi qüvvə yaranır, nəhayət, Azərbaycanda siyasi sistem yaranır".
YAP müasir siyasi sistemin əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının inkişafı tarixində də yeni bir mərhələnin əsasını qoymuşdu. Partiya və onun yüz minlərlə üzvü dövlət əhəmiyyətli məsələlərin həlli istiqamətində öz gücünü səfərbər etmişdi. Yeni Azərbaycan Partiyasının sənədlərində öz əksini tapmış dövlətçilik ideologiyası - Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini özündə əks etdirən yeni azərbaycançılıq ideologiyasının cəmiyyətə təqdimatı və Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu bu ideologiyanın uğurla həyata keçirilməsi də Yeni Azərbaycan Partiyasının öz tarixi inkişaf yolunda Azərbaycan xalqına, dövlətinə bəxş etdiyi ən qiymətli töhfələrdəndir. Ötən müddət ərzində bu partiyanın da yaxından iştirakı ilə həyata keçirilən bütün tədbirlər, görülən bütün işlər Azərbaycanın milli maraqlarına tam cavab verib, ölkəmizin müstəqilliyinə, milli təhlükəsizliyimizə, Azərbaycan vətəndaşlarının maddi-rifah halının gündən-günə daha da yaxşılaşmasına, respublikamızın tərəqqisinə xidmət edib. Prezident İlham Əliyevin sözlərilə desək, Yeni Azərbaycan Partiyası həm də Azərbaycanda siyasi sistemin yaranmasında böyük rol oynayıb: "Yeni Azərbaycan Partiyasının yaradılması, eyni zamanda, müasir siyasi sistemin yaranması deməkdir. Çünki o vaxta qədər ölkədə fəaliyyət göstərən müxtəlif siyasi qruplaşmalar siyasi mübarizəni faktiki olaraq çox primitiv səviyyədə aparmağa cəhd etmişlər. Siyasi sistem yox idi. Yeni Azərbaycan Partiyasının yaradılması siyasi sistemin yaradılması deməkdir. Yeni Azərbaycan Partiyasının müxalifət partiyası kimi yaradılması, eyni zamanda, müxalifət necə fəaliyyət göstərməlidir, onu da çox açıq-aydın ortaya qoymuşdur".
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası o vaxtkı antimilli xəyanətkar iqtidara müxalifətdə idi. Xalqın və zamanın tələbilə yaranmış Yeni Azərbaycan Partiyasının əsas amalı isə dövlətçilik, müstəqillik, inkişaf, təhlükəsizlik idi və partiya iqtidara gələndən sonra bu ideyalar, bu amillər Azərbaycanda reallığa çevrildi. Təsadüfi deyildir ki, partiyanın yaranmasından bir il keçməmiş Azərbaycan xalqı öz sözünü dedi. Beləliklə də, xalq antimilli qüvvələrin hakimiyyətdən getməsinə nail oldu və Ulu Öndər Heydər Əliyevə müraciət edib, Onu hakimiyyətə dəvət etdi. Ona görə də, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda Prezident kimi fəaliyyəti Yeni Azərbaycan Partiyasının güclü dəstəyi ilə tamamlanırdı.
YAP Azərbaycan siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır
Yuxarıda sadalanan faktlar və mövcud reallıqlar tərəddüdsüz deməyə əsas verir ki, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycan siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır. YAP-ın siyasi sistemdəki mövqeyini və fəaliyyətinin əsaslarını təhlil obyektinə çevirdikdə məlum olur ki, sözügüdən siyasi institut təmsil etdiyi qrupların ali mənafeyini və dövlətçilik maraqlarını özünün Nizamnaməsində əks etdirən, həmçinin, bunları praktik müstəvidə yüksək səviyyədə reallaşdıran ümummilli partiyadır.
Qeyd edək ki, xalqın yüksək inamı, etimadı və dəstəyi ilə 21 ildir ki, hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası daşıdığı dəyərlərə və səmərəli fəaliyyət mexanizminə görə vətəndaşların siyasi iştirakçılıq və sosiallaşma səviyyəsini artıran, siyasi subyektlərarası inteqrasiya prosesinə xüsusi təkan və töhfə verən, müsbət və sağlam ictimai rəyin formalaşmasında mühüm rol oynayan aparıcı, avanqard sosial-siyasi təsisatdır. Bütün faktorlar onu deməyə əsas verir ki, bu gün Yeni Azərbaycan Partiyası, sözün əsil mənasında, xalq partiyasıdır. Xalqımızın bütün təbəqələri, yaş qrupları partiyada birləşir və ölkəmizin uğurlu inkişafı üçün öz fəaliyyətini göstərirlər. Artıq partiya sıralarında 600 mindən artıq üzvün olması da bu faktı özülüyündə isbatlayır. Xüsusilə, gənclərin partiyaya üzv olması isə onu göstərir ki, partiyanın fəaliyyəti də, ideyaları da, cəmiyyətdəki rolu da vətəndaşlar üçün cəlbedicidir və partiyanın fəaliyyəti çox böyük dəstəyə malikdir.
YAP Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil edir
Prezident İlham Əliyevin partiya Sədri seçilməsindən sonra Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin edilməsi, ölkənin tərəqqisi, iqtisadiyyatın yüksəlişi, xalqın rifahının yaxşılaşması, uğurlu neft strategiyasının həyata keçirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, ölkənin təhlükəsizliyini təmin etmək iqtidarında olan ordunun yaradılması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi naminə ardıcıl siyasət həyata keçirildi. Heç kəsə sirr deyil ki, bütün bu prosesdə YAP daim ön sıralarda dayandı. Bu mənada, YAP-ın Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil etməyini xüsusi qeyd etmək vacibdir.
Belə ki, YAP-ın müxtəlif ölkələrin siyasi partiyaları və demokratik təsisatları ilə qurduğu işgüzar və səmimi münasibətlər də ardıcıl olaraq inkişaf edir. Partiyanın beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və qurumları ilə münasibətləri prioritet istiqamət kimi əsas götürülüb. Yeni Azərbaycan Partiyası Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Kanada, Hindistan, Çin, Cənubi Koreya, Pakistan, Tacikistan və digər ölkələrin aparıcı siyasi partiyaları ilə uzun müddətdir sıx və qarşılıqlı münasibətlərə malikdir, partiyalar arasında intensiv görüşlər keçirilir, fikir və təcrübə mübadilələri aparılır. YAP 51 ölkənin siyasi partiyalarının təmsil olunduğu "Asiya siyasi partiyaları Beynəlxalq Konfransı" (İCAPP) Daimi Komitəsinin üzvüdür. YAP bu kimi nüfuzlu beynəlxalq qurumda təmsil olunmaqla Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm tribuna əldə edib.
YAP-ın, eyni zamanda, Avroatlantik məkanda baş verən siyasi proseslərə təsir imkanları da genişlənib. Bu mənada, Almaniyanın, Fransanın, İtaliyanın, İspaniyanın və digər ölkələrin hakimiyyətdə olan sağ partiyalarını özündə birləşdirən və Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası (EPP) ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Bir sözlə, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin coğrafiyası getdikcə genişlənir. Bu əlaqələr, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının siyasi partiyalar səviyyəsində beynəlxalq təşkilatlarda təmsilçiliyinin yüksək nümunəsidir. Bütün bunlar o deməkdir ki, YAP Azərbaycan dövlətini və xalqını beynəlxalq aləmdə də uğurla təmsil və təbliğ edir.
YAP cəmiyyətimizin yeganə seçimidir
Azərbaycan dövlətinin inkişaf tarixi YAP-ın yaranma tarixi ilə eyni olduğundan hər bir azərbaycanlı partiyanın dövlət və xalq üçün həyata keçirdiyi tədbirlərin şahidi olub. Milli vətənpərvərlikdən, dövlətçilikdən, demokratiyadan dəm vuran indiki müxalifət partiyalarının xalqa xəyanətini də görən cəmiyyətimiz 1993-cü ildən başlayaraq, inkişaf ideyasını əsas fəaliyyət platformasına çevirmiş Yeni Azərbaycan Partiyasına dəstək oldu, onu hakim partiya kimi gördü. Keçirilmiş seçkilərdə, referendumlarda, sorğularda sosium dövlətin perspektiv inkişafı ilə bağlı yalnız YAP-a və Onun Sədri, Prezident İlham Əliyevə inandığını ifadə etdi.
Son Prezident, bələdiyyə, parlament seçkilərində və referendumda Yeni Azərbaycan Partiyasının qələbə qazanması üçün səfərbər olunan cəmiyyətimiz, eyni zamanda, YAP-ın dövlətçilik və inkişaf ideyasının daşıyıcıları, tərəfdarları olduqlarını isbatlayıblar.
Əlbəttə ki, Yeni Azərbaycan Partiyasının mütəşəkkil fəaliyyəti, öz liderinə sədaqəti, Azərbaycan xalqının bu siyasətə verdiyi dəstək hesabına Azərbaycan inkişaf yolunu seçdi və son on il ərzində bu inkişaf yolu ilə uğurla irəliyə gedir. Son on il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edib. İkinci belə ölkə dünya xəritəsində tapılmaz ki, Azərbaycan qədər uğurlar əldə edə bilsin. Bu uğurlar çoxşaxəlidir, bütün sahələri əhatə edir. Həm beynəlxalq, həm daxili siyasətlə, iqtisadi islahatlarla, siyasi islahatlarla bağlı hara baxsan Azərbaycan uğurla, inamla, sürətlə inkişaf edir.
Bir sözlə, dövlətimizin başçısının sözlərilə desək, Yeni Azərbaycan Partiyasının əsas ideoloji dayaqları müstəqillikdir, azərbaycançılıqdır, müasirlikdir, inkişafdır, sosial rifahdır, iqtisadi və siyasi islahatlardır. Ona görə də, göstərilən bu səbəblərə görə, Yeni Azərbaycan Partiyasına inam, etimad və dəstək böyükdür. Cəmiyyətin bütün təbəqələrindən olanlar, xüsusilə də, gənclər Yeni Azərbaycan Partiyasına üzv olurlar. Məhz hər bir azərbaycanlı Azərbaycanı irəliyə yalnız Yeni Azərbaycan Partiyasının və Onun Lideri Prezident İlham Əliyevin apara biləcəyinə inanır. Bu mənada YAP cəmiyyətimizin yeganə seçimidir.