Müsavat başqanının istefa ehtimalı ACP-yə sərf edir

25 Noyabr 2013 16:18 (UTC+04:00)

Müsavat Partiyasında iki ildir ki, gecikən qurultayın bu ilin sonu, ya da gələn ilin əvvəlində reallaşdırılması ehtimalı var. Belə ki, partiya daxilində bir sıra funksionerlərin, eləcə də müavin və müşavirlərin başqanlığa olan iddiaları artdıqca, sözügedən amil özünü daha qabarıq fonda göstərir. Müsavat Partiyası Mərkəzi İcra Aparatının sədri Arif Hacılının, müşavir Səxavət Əlisoyun, partiya Ali Məclisinin sədri Arzu Səmədbəylinin, eləcə də Divan üzvü Tural Abbaslının namizədlik haqqında qəti düşünmələri də məhz belə qənaətə gəlməyə zəmin yaradır ki, artıq İsa Qəmbərin getmək saatı elə də uzaqda deyil və üfüqdə görünməkdədir. Bu, həm də Müsavat daxilində uzun illərdir ki, davam edən gizli çəkişmələrin də üzə çıxacağını proqnozlaşdıracaq sübutlardan biridir.

Sülhəddin Əkbər hazırda Müsavat Partiyasını təmsil etməsə də bu gün partiyada onun çoxsaylı tərəfdarlarının olması da kimsəyə sirri deyil

Lakin ortada daha bir ilginc amil mövcuddur ki, bu da özündə yalnız Müsavatdakı başqanlıq uğrunda baş verəcək barışmaz rəqabəti əks etdirmir. Çünki hazırda partiya kənarında dayanan bəzi müxalif qüvvələr də mövcuddur ki, onlar istənilən halda İ.Qəmbərin getməsinin tərəfdarlarıdırlar. Məsələn, onlardan biri də keçmiş müsavatçı, bu gün ACP-yə sədrlik edən Sülhəddin Əkbərdir. Çünki S.Əkbər hazırda Müsavat Partiyasını təmsil etməsə də bu gün partiyada onun çoxsaylı tərəfdarlarının olması da kimsəyə sirri deyil. Məhz bu səbəbdən, müsavatdaxili "Sülhəddin Əkbər missiyası" qruplaşması da ACP-dən "hücuma keç" əmrini gözləməkdədirlər.

Onu da qeyd etmək mümkündür ki, Müsavat Partiyasının "İctimai Palata"da təmsil olunması, siyasi təşkilatın " Milli Şura"ya əks olaraq qeyri-müəyyən siyasi kurs yürütməsi səbəbindən onun bəzi üzvləri yaxın günlərdə ACP-yə keçəcəklərini gizlətmirlər. Beləliklə, İ.Qəmbər Müsavat Partiyasının növbəti qurultayında başqanlıqdan getmək qərarını verəndən sonra partiyanın daxilinddəki "Sülhəddin Əkbər missiyası" bütünlükdə ACP-yə transfer olunacaq.

Müsavatdakı mənbə: "İsa Qəmbərin sədrlikdən getməsini gözləyirik"

Müsavatın rəhbər strukturlarının birində fəaliyyət göstərən mötəbər mənbənin sözlərinə görə, S.Əkbər ötən il Müsavat Məclisi sədrliyindən istefa verəndən sonra onu dəstəkləyən müsavatçılar da həmin vaxt bu siyasi təşkilatı tərk etmək istəsələr də S.Əkbər həmin vaxt sözügedən qərarla razılaşmayıb və onlara müəyyən müddətə qədər partiyada qalmağı məsləhət görüb: "Lakin indi onun rəhbəri olduğu Açıq Cəmiyyət Partiyasına getməyimizin vaxtı yetişib. İsa Qəmbərin sədrlikdən getməsini gözləyirik. O başqanlıqdan getdikdən sonra burada qalmağımızın əhəmiyyəti olmayacaq. Hazırkı başqanın yerinə gələn istənilən müsavatçının nə İsa Qəmbər, nə də Sülhəddin Əkbər qədər ictimaiyyətdə nüfuzu olacaq. Müsavatda yeni başqanın rəhbərliyində qalmaqdansa fraksiyamızın keçmiş liderinin yanında olmağımızı daha üstün tutacağıq".

Mənbə onu da bildirib ki, Müsavatda S.Əkbəri dəstəkləyən qüvvələr çoxdur. Partiyanın rayon təşkilatlarının 40-46 faizi onu dəstəkləyir. Bu faktor bir nəticə etibarilə bir nüansı aşıq edir – S.Əkbər İ.Qəmbərdən qəti bə amansız revanş almağa hazırlaşır.

Rövşən NURƏDDİNOĞLU